REGİONLAR
Bu günədək ölkə üzrə 100 min tondan çox arpa istehsal olunub
Yevlax, 9 iyun, AZƏRTAC
Bu günədək ölkə üzrə 40 min hektardan artıq sahədə arpa biçilib və 102 min ton məhsul əldə edilib.
AZƏRTAC xəbər verir ki, bunu Yevlax rayonu ərazisində taxıl biçini ilə tanış olan kənd təsərrüfatı naziri Heydər Əsədov jurnalistlərə müsahibəsində deyib. Bu gündən etibarən buğda biçininə də başlanıldığını qeyd edən H.Əsədov bildirib ki, taxılbiçən kombaynların dislokasiya planı dəqiqliklə hazırlanıb: “Əvvəlcə biçin prosesi aran rayonlarında həyata keçirilir. Texnikalar kifayət qədərdir. Biçin optimal müddətdə başa çatdırılacaq”.
Əsas məqsədin intensiv texnologiyanın tətbiqinə üstünlük vermək olduğunu deyən nazir bildirib ki, biçin başa çatdırıldıqdan sonra eyni sahədə ikinci dəfə əkin həyata keçiriləcək. Bu, fermerlər üçün olduqca əlverişlidir. Onlar bir ildə həm iki dəfə məhsul əldə edirlər, həm də dövlətdən iki dəfə subsidiya alırlar.
Heydər Əsədov barama tədarükü haqqında da məlumat verib: “Bu gün axşama 200 ton barama təhvil verilmiş olacaq. Hədəf isə daha böyükdür. Bir il öncə 222 kiloqram, ötən il 70,7 ton barama tədarük olunmuşdu. Bu il isə 250 tondan çox barama tədarükü nəzərdə tutulur”, – deyə H.Əsədov bildirib.