REGİONLAR
Bu günün gəncləri sabahın qurucularıdır
Masallı, 10 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Sentyabrın 10-da Masallı Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Bu günün gəncləri sabahın qurucularıdır” mövzusunda videokonfrans keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, onlayn tədbirdə çıxış edən Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov Masallının “Gənclər Paytaxtı-2020” seçilməsi münasibətilə rayonda keçirilən tədbirlərdən və qarşıda duran vəzifələrdən danışıb.
Masallı Rayon Heydər Əliyev Mərkəzinin direktoru Dilbər İbayeva çıxışında qeyd edib ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublika rəhbərliyinə gəldiyi ilk dövrlərdən gənclərin himayədarı kimi çıxış edərək, sağlam düşüncəli yeni nəslin yetişdirilməsi sahəsində misilsiz işlər görüb. Hakimiyyətə gəldiyi ilk günlərdən başlayaraq dövlət gənclər siyasəti ilə bağlı bir çox fərman və sərəncamlar imzalayan Ulu Öndər gənclərin milli və vətənpərvər ruhda tərbiyəsinə həmişə önəm verib.
Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının Gənclər Birliyinin sədri Bəxtim Qarayev bildirib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bunun nəticəsidir ki, bu gün Azərbaycan gəncləri bütün sahələrdə uğurlara imza atırlar.
Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru Vafiq Xəlilov çıxışında qeyd edib ki, Azərbaycan dövlətinin gənclərə göstərdiyi diqqət və qayğı onları doğma yurdu sevməyə, yüksək təhsil alaraq ölkəmizin inkişafına töhfə verməyə həvəsləndirir. Məhz bu diqqət və qayğının nəticəsində gənclərimiz cəmiyyətin fəal üzvləri kimi ölkə həyatının bütün sahələrində səylə çalışır, Azərbaycanın çiçəklənməsi yolunda əsl vətəndaşlıq mövqeyindən çıxış edirlər.
Videokonfransda fəal gənclərdən beynəlxalq dərəcəli təlimçi Rafət Şirəliyev, Masallı Rayon Gənclər və İdman İdarəsinin könüllülərinin sədri İslam Ərzullazadə və Ləman Əzizli çıxış edərək, ölkəmizdə gənclərə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Diskussiya şəraitində davam edən onlayn tədbirin sonunda gənclərin bir qrupu Masallı Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlarla təltif edilib.