CƏMİYYƏT
Bu həftə ərzində pilot ərazilərin 3 sakini əməliyyat olunub
Bakı, 10 fevral, AZƏRTAC
Pilot rayonlarda icbari tibbi sığortanın tətbiqi uğurla davam edir. Bu həftə ərzində pilot ərazilərin 3 sakini əməliyyat olunub. Bu barədə AZƏRTAC-a İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən bildirilib.
Məlumata görə, döş qəfəsində ağrı və təngnəfəslik şikayəti ilə Yevlax rayon sakini Vahid Əliyev Yevlax Rayon Mərkəzi Xəstəxanasına müraciət edib, aparılan müayinələr nəticəsində xəstəyə ürəyin işemik xəstəliyi, qeyri-stabil stenokardiya diaqnozu qoyulub. Xəstənin bir dəfə miokard infarktı keçirdiyi, ürəyin atım fraksiyasının kritik səviyyədə aşağı olması onun təcili aorta koronar şuntlama əməliyyatına (açıq ürək əməliyyatı) göstəriş olunub və əməliyyat uğurla həyata keçirilib. Hazırda xəstənin vəziyyəti stabildir, stasionarda müalicəsi davam edir.
Prezident İlham Əliyevin Fərmanına əsasən, pilot ərazilərdə rəsmi qeydiyyatda olan şəxs kimi Vahid Əliyev icbari tibbi sığortanın baza zərfindən pulsuz istifadə edib.
Digər iki əməliyyat - invaziv yolla ürək damarlarının angioplastikası və invaziv yolla periferik damarların angioplastika əməliyyatları da uğurla icra olunub.
Agentliyin icbari tibbi sığorta şöbəsinin müdiri Vüqar Qurbanov xəstəni ziyarət edib, səhhəti ilə maraqlanıb.