İQTİSADİYYAT
Bu həftə paytaxtın 4 rayonunda mənzillərin səyyar qeydiyyatı kampaniyası keçiriləcək
Bakı, 17 fevral, AZƏRTAC
Çoxmərtəbəli binalardakı mənzillərin dövlət reyestrində qeydiyyata alınması ilə bağlı səyyar aksiya fevralın 17-21-də Xətai, Nərimanov, Yasamal və Nəsimi rayonlarında keçiriləcək.
Əmlak Məsələləri Dövlət Komitəsindən AZƏRTAC-a bildirilib ki, səyyar qeydiyyat xidməti həftə ərzində 865 mənzilli 5 binanı əhatə edəcək. “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” kampaniyası çərçivəsində səyyar xidmət fevralın 17-də Xətai rayonu, M.Hadi küçəsi, 106, fevralın 18-də Nərimanov rayonu, Xan Şuşinski küçəsi, 955-ci məhəllə ünvanlarında olacaq. Yasamal rayonunda davam edən kampaniya fevralın 19-da F. İbrahimov küçəsi, 5, fevralın 20-də Yeni Yasamal yaşayış massivi, D.Bünyadzadə küçəsi, 2 ünvanlarındakı binalarda keçiriləcək. Fevralın 21-i isə mobil qeydiyyat xidməti Nəsimi rayonu, Tbilisi prospekti, 3007-ci məhəllə ünvanında yerləşən binada göstəriləcək.
Mənzilini dövlət qeydiyyatına almaq istəyən bina sakinləri şəxsiyyət vəsiqəsi, protokoldan çıxarış və maliyyə arayışı kimi ilkin sənədlərlə səyyar xidmət ofisinə yaxınlaşa bilərlər.