ELM VƏ TƏHSİL


Bu il 100-ə yaxın məktəb yenidən tikiləcək və ya əsaslı təmir ediləcək

Bakı, 13 may, AZƏRTAC

Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan təhsil islahatları uğurla həyata keçirilməkdədir. Müasir təhsil sisteminin yenidən qurulması, böyüyən nəslin yüksək şəraitə, zəruri infrastruktura malik təhsil müəssisələrində oxuması dövlətin təhsil siyasətinin prioritet istiqamətlərindən biridir. Son illərdə Azərbaycanda sovet hakimiyyəti dövründə tikilən məktəblərdən çox məktəb binası inşa olunub. Heydər Əliyev Fondu tərəfindən 2005-ci ildən icrasına başlanılan “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində 100 mindən çox şagirdin təhsil aldığı 500-dək məktəb binası ya yenidən tikilib, ya da əsaslı şəkildə yenidən qurulub. Yeni məktəblər müasir laboratoriyalar, kitabxanalar, yeməkxanalar, kompüter otaqları, emalatxanalar, idman zalları, geniş meydançalarla təchiz olunub.

Bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin ibtidai təhsil fakültəsinin dekanı, pedaqoji elmlər doktoru, professor, Əməkdar elm xadimi Fərrux Rüstəmov məlumat verib.

Qeyd olunub ki, Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında digər sahələrdə olduğu kimi, məktəb tikintisi sahəsində də işlərin davam etdiriləcəyi vurğulanıb. 2019-cu ildə dövlətin maliyyə dəstəyi ilə100-ə yaxın məktəbin yenidən tikilməsi və ya əsaslı təmir edilməsi planlaşdırılıb. Prezident öz çıxışında modul tipli məktəblərin tez bir zamanda ərsəyə gəlməsini, həm də keyfiyyət baxımından çox yüksək standartlara cavab verməsini bildirib. Həqiqətən də əhalinin az yaşadığı ucqar dağ kəndlərində irihəcmli məktəb binalarının tikintisinə ehtiyac yoxdur. Belə məktəblərdə (xüsusilə azkomplektli məktəblərdə) oxuyan şagirdlərin sayı 25-35-i keçmir. Bu tip məktəblərin üstünlüyü onların qısa müddətə başa gəlməsi, az xərc tələb etməsi, istənilən relyefdə quraşdırılması, asan daşınması, şagirdlərin sayına görə sinif otaqlarının planlaşdırılması ilə bağlıdır. Avropa ölkələrində və ABŞ-da modul tipli məktəblərdən geniş istifadə edilir. Bütün bunların tətbiqi nəticəsində, Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, qəzalı məktəblər problemi bu il, uzaqbaşı gələn il tam həll ediləcək. Bununla da Azərbaycanda qəzalı məktəb probleminə birdəfəlik son qoyulacaq. Tədris resursları ilə təmin olunmuş müasir məktəb keyfiyyətli təhsil sisteminin və millətin intellektual-mənəvi inkişafının mühüm şərti və təməl prinsipidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.