CƏMİYYƏT
Bu il 125 minə yaxın şəxs fərdi uçot sistemində qeydiyyata alınıb
Bakı, 25 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı bu il də artmaqda davam edir.
Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, cari ilin yanvar-iyun aylarında fərdi uçot sistemində əlavə olaraq 124 min 770 fərdi şəxsə hesab açılıb. Bu da ötən ilin müvafiq dövrü (98 min 995 nəfər) ilə müqayisədə 25 min 775 nəfər və ya 26 faiz çoxdur. Beləliklə, cari il iyulun 1-nə sistemdə qeydiyyata alınan sığortaolunanların sayı ötən ilin müvafiq dövrü (3 milyon 279 min 149 nəfər) ilə müqayisədə 217 min 529 nəfər və ya 6,6 faiz artaraq 3 milyon 496 min 678 nəfərə çatıb. Həmin şəxslərdən 59,5 faizini kişilər, 40,5 faizini qadınlar təşkil edir.
Azərbaycanda 2006-cı ildə qurulmuş müasir sığorta-pensiya sisteminin aparıcı komponenti kimi fəaliyyət göstərən fərdi uçot sistemi işləyən əhalinin əmək pensiyası və digər sosial müdafiə hüquqlarının təmin olunmasında iştirak etməsinə şərait yaradıb. Bu məqsədlə vətəndaşlara fərdi şəxsi hesablarında pensiya kapitallarını formalaşdırmaq imkanı verilib. Sistemdə fərdi şəxsi hesabı olanların sayının mütəmadi artımı da vətəndaşların bu sahədə fəal iştiraka marağını göstərir.
Eyni zamanda, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərindən biri olan “Sığortaolunanlara məlumatların verilməsi” e-xidməti fərdi uçot sistemində şəxsi hesabı açılmış hər bir vətəndaşa öz fərdi hesabında toplanan pensiya kapitalı barədə mütəmadi şəkildə məlumat öyrənməyə imkan verir.