İQTİSADİYYAT
Bu il 153,9 milyon dollarlıq meyvə-tərəvəz ixrac olunub
Bakı, 1 iyun, AZƏRTAC
Cari ilin ilk 4 ayı ərzində meyvə-tərəvəz ixracının dəyəri 153,9 milyon dollar, plastmas və onlardan hazırlanan məmulatların ixracı 60,5 milyon, pambıq lifi ixracı 45 milyon, alüminium və ondan hazırlanan məmulatların ixracı 25,8 milyon, kimya sənayesi məhsullarının ixracı 26,5 milyon, elektrik enerjisinin ixracı 34,3 milyon, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 15,1 milyon, pambıq ipliyi ixracı 8,7 milyon, alkoqollu və alkoqolsuz içkilərin ixracı 4,8 milyon dolları, şəkər ixracı 4,5 milyon təşkil edib.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) “İxrac icmalı”nın may sayında bildirilir.
Yanvar-aprel aylarında ixrac edilən qeyri-neft sektoruna aid məhsuların siyahısında isə pomidor (73,3 milyon dollar) birinci, pambıq mahlıcı (44,3 milyon dollar) ikinci və qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 43,7 milyon dollar) üçüncü olub.
Aprel ayında isə qeyri-neft sektoru üzrə ixracın dəyəri 120 milyon dollar təşkil edib. Apreldə qeyri-neft-qaz məhsulları ən çox məhsul Rusiyaya (51,8 milyon dolları, Türkiyəyə (17,8 milyon dollar), Gürcüstana (15,9 milyon dollar), İsveçrəyə (7,7 milyon dollar) və Çinə (6 milyon dollar) ixrac edilib.
Ay ərzində qeyri-neft sektoru üzrə ixracda tomat (pomidor 29,4 milyon dollar) birinci, elektrik enerjisi (16,4 milyon dollar) ikinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda 7,4 milyon dollar) üçüncü yerdə qərarlaşıb.