REGİONLAR
Bu il 800 ton barama tədarükü nəzərdə tutulur
Bakı, 30 yanvar, AZƏRTAC
Bu il 800 ton barama tədarükü planlaşdırılır.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyev "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrasının yekunlarına həsr olunan konfransda deyib.
Dövlətimizin başçısı qeyd edib ki, sovet vaxtında baramaçılığın çox böyük ənənələri olub: “Xüsusilə Heydər Əliyevin təşəbbüsü ilə bir çox rayonlarda barama istehsalı ən yüksək səviyyədə idi. Ancaq 2015-ci ildə biz gördük ki, cəmi bir rayonda barama tədarük edilir, özü də 230 kiloqram. Qısa müddət ərzində çox ciddi tədbirlər görüldü. Keçən il 38 rayonda artıq 513 ton barama tədarük edildi. Biz barama tədarükünü 230 kiloqramdan 513 tona çatdırdıq. Bu il 800 ton planlaşdırılır. Əlbəttə ki, Şəkidəki ipək kombinatının daha böyük həcmlə işləməsi, orada daha çox sayda iş yerlərinin yaradılması üçün bu, əsas şərtdir. Təkcə keçən il 2 milyon 600 min tut tingi əkilmişdir”.