ELM VƏ TƏHSİL
Bu il ADNSU-ya 200-dən çox əcnəbi qəbul olub
Bakı, 15 sentyabr, AZƏRTAC
Sentyabrın 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) 2017/2018-ci tədris ilinin başlanması və Bilik günü münasibətilə tədbir keçirilib. Bu barədə AZƏRTAC-a ADNSU-dan məlumat verilib.
Tədbirdə çıxış edən rektor, professor Mustafa Babanlı bildirib ki, bu il universitetə qəbul göstəriciləri yüksək olub. Belə ki, 2 min 620 nəfər bakalavr pilləsinə, 512 nəfər magistraturaya, 225 nəfər isə Sənaye Müəssisələri İşçilərinin İxtisasartırma və Yenidən Hazırlama İnstitutuna qəbul olub. ADNSU-nun tələbəsi adını qazanan əcnəbilərin sayı 200 nəfərdən artıqdır. Beləliklə, universitetə ümumilikdə qəbul olanların sayı 3 min 500 nəfərdən çoxdur. Universitetin bakalavr pilləsinə qəbul olan tələbələrdən 292-si qəbul imtahanlarında 600-dən, 1000 nəfərədək isə 500-dən yuxarı bal toplayıb. Bir tələbə Prezident təqaüdünə layiq görülüb.
M.Babanlı ADNSU-da təhsilin inkişafı istiqamətində reallaşdırılan tədbirlərdən də danışıb.
Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə İnstitutunun direktoru İlham Məmmədzadə “Heydər Əliyev İslam Həmrəyliyi ideyasının banisidir” mövzusunda çıxış edib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu tələbələrə təhsildə uğurlar arzulayıb və Azərbaycanın elm tarixində mühüm yer tutan dünya şöhrətli neft korifeyləri yetişdirən ADNSU-nu seçdikləri üçün onları təbrik edib. “Mən əminəm ki, bundan sonra da ADNSU-da bu ali məktəbin tanınmış məzunları kimi istedadlı şəxsiyyətlər və neftçilər yetişəcək”, - deyə Hikmət Babaoğlu bildirib.
Sonra qəbul imtahanlarında yüksək bal toplayaraq ADNSU-ya qəbul olunmuş birinci kurs tələbələrinə tələbə biletləri və hədiyyələr təqdim edilib.
Ötən tədris ilinin yaz imtahan sessiyasında hər kurs üzrə ən yaxşı nəticə göstərən qruplar mükafatlandırılıblar.