CƏMİYYƏT
Bu il ANAMA mina və PHS zərərsizləşdirilməsi ilə bağlı 150-yə yaxın çıxış icra edib
Bakı, 28 sentyabr, AZƏRTAC
Bu il Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 150-yə yaxın çıxış icra edib.
Bunu AZƏRTAC-a müsahibəsində ANAMA-nın planlaşdırma və inkişaf şöbəsinin rəisi Pərviz Gidayev deyib. O bildirib ki, mina, partlamamış hərbi sursatların tapılması ilə bağlı Daxili İşlər Nazirliyinin “102 - Zəng Mərkəzi” Xidmətindən və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin 112 xidmətindən daxil olan müraciətlər əsasında agentlik tərəfindən bu il 146-dan çox çıxış icra olunub, əməkdaşlarımız çağırışa gedib. Bunun nəticəsində aşkar olunan mina və PHS, tərkibində digər partlayıcı maddələr olan qurğular zərərsizləşdirilib. Həmin ərazilər təhlükəsiz qaydada istifadəçisinə təhvil verilib.
ANAMA təkcə ölkə daxilində deyil, xarici ölkələrdə də minatəmizləmə fəaliyyəti ilə məşğul olur: “ANAMA tərəfindən Türkiyə ərazisində minatəmizləmə əməliyyatları həyata keçirilir. Ötən ildə bu layihə var idi. Bu il həmin layihənin davamı olaraq fəaliyyət göstəririk. ANAMA beynəlxalq səviyyədə NATO-nun Dəstək Agentliyi (NSPA) ilə də müxtəlif layihələr icra edir. Bunlardan Saloğlu və Ceyrançöl layihələrini deyə bilərik. Bu günədək 530 milyon kvadratmetr ərazi təmizlənərək təhvil verilib. Bunun nəticəsində 800 minə yaxın mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib”.
ANAMA-nın üçüncü dəfədir ki, Bakıda keçirilən “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisində iştirak etdiyini deyən şöbə rəisi qeyd edib ki, sərgidə nümayiş etdirdiyimiz avadanlıqlar təlim avadanlıqlarıdır. Buradakı mina və PHS nümunələrini biz zamanında ərazilərdə apardığımız minatəmizləmə əməliyyatları nəticəsində aşkarlamışıq. Bunlar da ziyarətçilər tərəfindən maraqla qarşılanır.