REGİONLAR


Bu il Ağdamda 9200 hektara yaxın ərazi minalardan təmizlənəcək VİDEO

Ağdam, 28 yanvar, Tahir Ağaməmmədov, AZƏRTAC

İşğaldan azad edilən ərazilərdə ermənilərin basdırdığı minalar Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları tərəfindən təmizlənir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, Əlaqələndirmə Qərargahının İdarələrarası mərkəzi katibliyinin rəhbəri Nüsrət Süleymanov, Nazirlər Kabinetinin aparat rəhbəri Rüfət Məmmədov, ANAMA-nın İdarə Heyətinin sədri Vüqar Süleymanov və media nümayəndələri Ağdam rayonunun Baş Qərvənd kəndi ərazisində minatəmizləmə əməliyyatı ilə tanış olublar.

ANAMA-nın mütəxəssisi Xaliq Zülfüqarov aparılan minatəmizləmə əməliyyatı barədə məlumat verib. Bildirib ki, Ağdam-Bərdə avtomobil yolunun 17 kilometr hissəsi hər tərəfə 24 metr olmaqla 28 metr enində tam təmizlənərək təhvil verilib. Avtomobil yolunun təmizlənməsi zamanı 55 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 602 ədəd piyada əleyhinə mina, 188 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib. Hazırda Bərdə-Ağdam dəmir yolunun Baş Qərvənd kəndi ərazisindən keçən hissəsində minatəmizləmə əməliyyatları davam etdirilir.

Sonra ərazidən tapılan minaların partlatma yolu ilə zərərsizləşdirilmə prosesi izlənilib.

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov jurnalistlərə açıqlamasında bildirib ki, Ağdam rayonu ərazisində icra olunan Bərdə-Ağdam dəmir yolu xəttinin minadan təmizləmə layihəsinin uzunluğu 26,3 kilometrdir. Minatəmizləmə Agentliyi tərəfindən təxminən artıq 10 kilometr ərazi təmizlənib: “Keçmiş təmas xəttindən keçən bu ərazinin mina və partlamamış hərbi sursatlarla çirklənmə səviyyəsi yüksəkdir. Bəzi hallarda burada ancaq əllə təmizləmə üsulu ilə işləyə bilirik. İtlərdən və mexaniki minatəmizləmə vasitələrindən istifadə etmək mümkün olmur”.

Vüqar Süleymanov deyib ki, Ağdam rayonu üzrə keçən il 8300 hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənib. Ötən il ərzində Minatəmizləmə Agentliyi 59 layihənin icrasına başlayıb, onlardan 48-i tamamlanaraq təhvil verilib. Bu il ərzində Ağdam rayonu ərazisində 9200 hektara yaxın ərazi mina və partlamamış hərbi sursatlardan təmizlənəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.