İQTİSADİYYAT


Bu il “Aqrarkredit”in Naxçıvan regional filialı 85 müştəriyə 800 min manatdan artıq güzəştli kredit verib

Bu il “Aqrarkredit”in Naxçıvan regional filialı 85 müştəriyə 800 min manatdan artıq güzəştli kredit verib

Bakı, 16 mart, AZƏRTAC

Ölkə başçısının müəyyən etdiyi iqtisadiyyatın regional şaxələnməsi strategiyasına uyğun olaraq, Azərbaycanın regionlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında əlverişli biznes və investisiya mühiti yaradılmışdır. Bütün bunların nəticəsidir ki, ölkədə olduğu kimi muxtar respublikada da sosial-iqtisadi islahatların əhatə dairəsi genişlənmiş, ərzaq və enerji təhlükəsizliyi təmin edilmiş, yerli istehsalın həcmi artmışdır. Digər tərəfdən kənd təsərrüfatına dövlət dəstəyi aqrar sahədə sahibkarlığın inkişafına geniş imkanlar açmışdır. Torpaq mülkiyyətçilərinə və fermerlərə güzəştli kreditlərin və subsidiyaların verilməsi, lizinq xidmətinin təşkili, texnika və avadanlıqlarla təminat özəl mülkiyyətə əsaslanan təsərrüfatların sayını artırmışdır. Hazırda muxtar respublikada aqrar sahədə məhsul istehsalının əsas hissəsi özəl mülkiyyətə əsaslanır.

AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikasında cari ilin yanvarın 1-nə 1188 müəssisə (hüquqi şəxs), 35.9 mindən artıq fərdi sahibkar fəaliyyət göstərir. Bunlardan təxminən 10 faizi aqrar, qalanları isə iqtisadiyyatın digər sahələrində çalışırlar.

“Aqrarkredit QSC-nin Naxçıvan Muxtar Respublikasının bütün rayonlarına xidmət edən regional filialı fəaliyyət göstərir. Naxçıvan filialının kredit portfeli yanvarın 1-nə 2.6 milyon manat olub. Hazırda filial 400-dən artıq sahibkar borcalana xidmət göstərir.

Sahibkarlığın inkişafı maliyyə xidmətlərinin genişləndirilməsini, xüsusi olaraq maliyyə-kredit resurslarının əlçatanlığının yaxşılaşdırılmasını zəruri edir.

Ölkənin aqrar sahəsinin kreditləşməsində yüksək təcrübəyə malik olan “Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı (“Aqrarkredit” QSC) tərəfindən cari ilin martın 14-də Naxçıvan filialında, mətbuat nümayəndələrinin iştirakı ilə sahibkarlarla görüş keçirilmiş, muxtar respublikada fəaliyyət göstərən sahibkarlara kreditlər verilib.

Naxçıvan Muxtar Respublikanın kənd yerlərində mikro, kiçik və orta sahibkarların (məhsul istehsalçılarının) kreditə olan tələbatının ödənilməsini, sahibkarların maliyyə xidmətlərinə əlçatanlığının artırılmasını, “Aqrarkredit” QSC-nin bazar payının artırılmasını təmin etmək üçün bu istiqamətdə QSC-nin qərarı ilə Kredit Təşkilatının Naxçıvan filialı tərəfindən sahibkarlıq subyektlərinə, fiziki və hüquqi şəxslərə, ailə kəndli təsərrüfatlarına göstərilən kredit xidmətlərinə görə tətbiq olunan faiz dərəcələri xeyli aşağı salınmış və kreditlərə güzəşt müddətləri artırılıb.

Həmin qərarla “Aqrarkredit” QSC-nin öz vəsaiti hesabına kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, kənd təsərrüfatı məhsullarının tədarükü, ticarət, xidmət və digər sahələrə əlverişli şərtlərlə, eyni zamanda, Aqrar Kredit və İnkişaf Agentliyinin və Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli şərtlərlə kreditlərin verilməsi qərara alınıb.

Martın 14-də tədbirin keçirilməsində də məqsəd həmin kreditlərin əlverişli şərtlərlə sahibkarlıq subyektlərinə verilməsi, eyni zamanda, bu barədə ictimaiyyətin məlumatlandırılmasından ibarət olub.

Ona görə də martın 14-də “Aqrarkredit” QSC-nin Naxçıvan regional filialında aqrar sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə əlverişli şərtlərlə 60 min manatdan çox kreditlər verilib.

Ümumilikdə ilin əvvəlindən “Aqrarkredit” QSC-nin Naxçıvan regional filialı tərəfindən 85 müştəriyə 800 min manatdan artıq güzəştli şərtlərlə kreditlərin verilməsi həyata keçirilib. Verilmiş həmin kreditlərin 70 faizdən çoxu aqrar sahədə çalışan sahibkarların payına düşüb.

Eyni zamanda, muxtar respublikada kredit xidmətinin coğrafiyasının daha da genişləndirilməsi üçün regional nümayəndələrin işə cəlb olunması planlaşdırılır. Hazırda Naxçıvan filialının əhatə dairəsi daha çox Naxçıvan şəhərini, Şərur və Babək rayonlarını əhatə edir. Yeni strateji dövrdə muxtar respublikanın bütün rayonlarını əhatə etməklə kredit xidmətinin əhatə dairəsi genişləndiriləcək.

Qeyd olunanlarla yanaşı, “Aqrarkredit” QSC tərəfindən aqrar sahədə fəaliyyət göstərən sahibkarlara maliyyə xidmətlərinin əhatəsini genişləndirmək məqsədilə Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondu ilə əməkdaşlıq nəzərdə tutulur. Bununla bağlı müvafiq müqavilələr imzalandıqdan sonra muxtar respublikada aqrar sahədə fəaliyyət göstərən sahibkarlara, həmin fondun vəsaitlərindən istifadə etməklə güzəştli şərtlərlə kreditlərin verilməsinə start veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.