REGİONLAR


Bu il Astarada 500 ton yaşıl çay məhsulu istehsal olunacaq

Astara, 6 iyul, Bağır Əliyev, AZƏRTAC

Çayçılıq Astara rayonunda aqrar sektorun gəlirli sahələrindəndir. Rayonda aparılan torpaq islahatı nəticəsində kolxoz, sovxoz və digər kənd təsərrüfatı müəssisələrinin istifadəsində olan əmlak və torpaqlar, o cümlədən çoxillik əkinlər olan çay sahələri də əmlak payı kimi əhali arasında bölüşdürülüb.

Müstəqilliyimizin ilk illərində bazar iqtisadiyyatı şəraitində istehsal etdiyi məhsula bazar tapa bilməyən məhsul istehsalçıları arasında çayçılığa marağın azalması çay plantasiyalarının baxımsızlıq üzündən sıradan çıxmasına gətirib çıxarmışdı.

Ölkəmizdə aqrar sahənin inkişafına göstərilən dövlət qayğısı nəticəsində kənd təsərrüfatının bütün sahələrində, o cümlədən çayçılıqda yaranmış tənəzzül aradan qaldırılıb.

Regionların sosial-iqtisadi inkişafına və əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramlarında Astara rayonunda yaşıl çay yarpağı istehsalının və emalının inkişaf etdirilməsi, yeni çay plantasiyalarının salınması bir vəzifə kimi dövlət orqanları və sahibkarlar qarşısında qoyulub.

“Azərbaycan Respublikasında çayçılığın inkişafına dair 2018–2027-ci illər üçün Dövlət Proqramı” ölkəmizdə, o cümlədən Astara rayonunda çayçılığın inkişafı üçün geniş imkanlar açıb.

Dövlət Proqramlarına müvafiq olaraq son illər rayonda yeni çay plantasiyalarının salınıb, çay əkininin dinamikası artan sürətlə davam edib.

Astara Rayon Statistika İdarəsində AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata əsasən ötən il rayonda mövcud olan 345 hektar çay sahəsindən 476,7 ton məhsul yığılıb, hər hektardan götürülən məhsuldarlıq 22,2 sentnerə çatdırılıb.

Hazırda çay plantasiyalarında ikinci yığım kampaniyası davam edir. Fermerlər və torpaq mülkiyyətçiləri yetişdirilən məhsulu keyfiyyətlə və itkisiz yığaraq çay fabriklərinə təhvil vermək üçün bütün qüvvələri səfərbər ediblər. İndiyədək plantasiyalardan 227,3 ton yaşıl çay yarpağı yığılıb.

Sentyabrın əvvəllərində başlanacaq və oktyabr ayında başa çatacaq dördüncü məhsul yığımından sonra isə rayonda 500 ton yaşıl çay məhsulunun istehsalı nəzərdə tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.