DÜNYA
Bu il Avropaya 32 mindən bir qədər çox qaçqın gəlib
Bakı, 1 iyun, AZƏRTAC
2018-ci ilin əvvəlindən indiyədək Avropaya gələn qaçqın və mühacirlərin sayı 32 min nəfəri keçib.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının rəsmi nümayəndəsi Coel Millman jurnalistlər üçün təşkil olunan brifinqdə çıxış edərkən deyib.
“Miqrasiya üzrə Beynəlxalq Təşkilat bildirir ki, 2018-ci ilin ilk 150 günündə dəniz yolları ilə Avropaya 32 min 80 mühacir gəlib. Onların 42 faizi İtaliyaya, 34 faizi Yunanıstana, qalan 24 faizi isə İspaniyaya sığınıb”, - deyə Millman bildirib. Onun sözlərinə görə, 2017-ci ilin analoji dövrü ərzində Avropaya 70 min 870 mühacir, 2016-cı ildə isə 230 min 230 mühacir keçib.
İlin əvvəlindən bəri Aralıq dənizində 660 mühacir və qaçqın həlak olub. Bütün dünya üzrə isə bu göstərici 1186 nəfər təşkil edib.