ELM VƏ TƏHSİL
Bu il Azərbaycan Memarlıq və İnşaat Universitetinə qəbul planı 93 faiz yerinə yetirilib
Bakı, 17 sentyabr, AZƏRTAC
Sentyabrın 17-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “Bilik günü” münasibətilə tədbir keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, tədbirdə bu ali təhsil ocağının rektoru, professor Gülçöhrə Məmmədova müəllimləri, xüsusilə birinci kurs tələbələrini və onların valideynlərini yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. Prezident İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğıdan, təhsilin keyfiyyətini artırmaq üçün aparılan islahatlardan danışan rektor vurğulayıb ki, 2018/2019-cu tədris ili üçün AzMİU-nun bakalavriat səviyyəsində 8 fakültəsinə 26 ixtisas üzrə 1840 plan yeri ayrılıb. Bu yer üzrə 1709 abituriyent qəbul olunaraq tələbə adını qazanıb. Onlardan 458-i dövlət sifarişi, 1251-i isə ödənişli əsaslarla təhsil alacaq. Bu il AzMİU-nu seçən abituriyentlərin sayı keçən illərlə müqayisədə daha da artıb. Universitetə qəbul planı 93 faiz yerinə yetirilib. AzMİU-nun magistratura pilləsində də qəbul göstəriciləri yüksək olan 253 bakalavr magistr adını qazanıb.
Digər çıxış edənlər yeni tədris ilinin başlanması münasibətilə tələbələri təbrik edib, onlara təhsildə uğurlar arzulayıblar.
Birinci kurs tələbələri qazandıqları uğurlara görə təhsil aldıqları məktəbin müəllimlərinə minnətdarlıqlarını bildirib, onlara göstərilən etimadı doğruldacaqlarına söz veriblər.
Universitetə yüksək balla daxil olan gənclərə tələbə biletləri və qiymət kitabçaları təqdim edilib.