ELM VƏ TƏHSİL


Bu il Azərbaycan Texniki Universitetini 2178 gənc bitirib

Bakı, 22 iyun, AZƏRTAC

İyunun 22-də Azərbaycan Texniki Universitetində (AzTU) “Məzun günü” keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin universitetin foyesindəki büstü önünə tər çiçək dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.

AzTU-nun rektoru vəzifəsini icra edən, professor Xalıq Yahudov universiteti bitirən gəncləri təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Bildirilib ki, cari tədris ilində universitetdə 2178 nəfər məzun olub ki, onlardan 1785-i bakalavr, 240-ı magistrant, 140-ı isə ötən tədris ilindən qalanlardır. Bakalavriat səviyyəsində məzun olanlardan 13-ü xarici ölkə vətəndaşıdır. Builki məzunlardan 16 bakalavr və 34 magistrant universiteti fərqlənmə ilə bitirib.

X.Yahudov Azərbaycan iqtisadiyyatının dinamik inkişaf etdiyini, bu gün ölkəmizdə yüksək ixtisaslı, bacarıqlı, hazırlıqlı mühəndis kadrlara böyük ehtiyac olduğunu söyləyib. O, müasir müstəqil dövlətimizin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin təhsilin inkişafına daim böyük önəm verdiyini, onun bu siyasətinin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirib.

Professor builki məzunların Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümündə universiteti bitirmələrinin onların yaddaşında silinməz iz buraxacağını xüsusi vurğulayıb.

Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Valideynlər və qonaqlar Azərbaycanda təhsilin inkişafından, bu sahəyə dövlət qayğısından, həmçinin ölkə sənayesinin inkişaf etdirilməsi üçün texniki ali təhsilin vacibliyindən danışıb, AzTU-da keyfiyyətli təhsil üçün yaradılan şəraiti yüksək dəyərləndiriblər.

Məzunlar təhsil illərində onlara göstərilən diqqət və qayğıya görə universitetin rəhbərliyinə, müəllimlərə minnətdarlıqlarını bildirib, AzTU-nun tələbəsi olduqları üçün fəxr etdiklərini deyiblər.

Sonra universitetin ictimai həyatında fəal iştirak etmiş məzunlara tələbə həmkarlar və tələbə gənclər təşkilatlarının fəxri fərmanları təqdim olunub.

“Məzun günü” konsert proqramı ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.