CƏMİYYƏT


Bu il Azərbaycan Tibb Universitetindən 891 nəfər məzun olub

Bakı, 14 iyul, AZƏRTAC 

Azərbaycan Tibb Universitetində (ATU) Böyük Elmi Şuranın növbəti onlayn iclası keçirilib. İclasda növbəti 2020/2021-ci tədris ili üçün Azərbaycan Tibb Universiteti üzrə tədris planları təsdiqlənib. Həmçinin, Dövlət Attestasiya Komissiyası sədrlərinin hesabatları dinlənilib. Hesabatlarda gənc mütəxəssislərin hazırlanması keyfiyyətinin yaxşılaşdırılması işində universitet kollektivinin vəzifələri də qeyd olunub.

Universitetin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Böyük Elmi Şuranın iclasında çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli pandemiyaya qarşı görülən tədbirlər və universitetin bu mübarizədəki rolundan danışıb. Qeyd edib ki, universitetin iki klinikası ilk gündən bu mübarizəyə qoşulub. O, ön cəbhədə mübarizə aparan tibb işçilərinin yüzlərlə xəstənin həyatını xilas etdiyini deyib və fədakarlıq göstərən hər kəsə minnətdarlığını bildirib.

Rektor Prezident İlham Əliyevin öz çıxışlarında dəfələrlə ATU klinikalarının fəaliyyətini qeyd etməsi faktını xatırladaraq bunun dövlət başçısı tərəfindən verilən yüksək qiymət olduğunu bildirib.

G.Gəraybəyli pandemiya dövründə təhsil prosesinin təşkili haqqında da danışıb. Qeyd edib ki, tibb təhsili mürəkkəb proses olduğundan onun onlayn şəkildə aparılması çətindir. Bununla belə, qısa müddət ərzində ötən semestrin onlayn formada keçirilməsinə nail olunub: “İndi isə növbəti semestrə hazırlıq işləri aparılmalıdır. Belə təkliflər var ki, “Zoom”, yaxud “Skype” ilə yox, universitetin İT şöbəsinin hazırladığı yeni bir proqramdan istifadə olunsun. Artıq bu haqda Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ilə müzakirələr aparılır”.

G.Gəraybəyli gündəlikdəki digər məsələlərlə bağlı tövsiyə və tapşırıqlarını da verib.

Sonra universitetin Tədris şöbəsinin müdiri Samir Cavadov son semestr ərzində imtahanların təşkili və nəticələr haqqında məlumat verib. Qeyd edib ki, 2019/2020-ci ilin yaz semestrinin imtahan sessiyasının başlanğıcından 3 nəfər akademik məzuniyyətdə olub. Ümumilikdə, 6459 tələbə imtahanda iştirak edib. Onlardan 6190 nəfəri (95.8 faiz) bütün imtahanlarda müvəffəq qiymətlər alaraq, sessiyanı başa vurublar. İmtahan sessiyasını “əla” qiymətlərlə başa vuranlar – 5014 nəfər (81 faiz) , “əla” və “yaxşı” qiymətlərlə – 909 nəfər (14,7 faiz), qarışıq qiymətlərlə – 267 nəfər (4.3 faiz) təşkil edib. 269 nəfərin (4.4 faiz) akademik borcu qalıb.

S.Cavadov bildirib ki, bu il ATU-dan 933 nəfər məzun olmalı idi. Lakin onlardan 891 nəfəri müvafiq kreditləri toplayaraq Dövlət Attestasiyasından uğurla keçib və universiteti bitirərək həkim ixtisasını alıb. Onlardan 62 nəfəri xarici ölkə vətəndaşıdır. Universitetin həkim məzunlarından 151 nəfəri fərqlənmə diplomuna layiq görülüb. 42 nəfər universiteti bitirə bilməyənlər tələbə sırasında saxlanılmaqla təhsillərini davam etdirirlər. Hesabat ilində hərbi-tibb fakültəsini bitirən 80 hərbi həkim və 23 hərbi feldşer Azərbaycan Silahlı Qüvvələri sıralarında xidmətə göndəriliblər.

Böyük Elmi Şuranın iclasında gündəlikdəki digər məsələlər də müzakirə olunub. Təhsil proqramında nəzərdə tutulan elmi-pedaqoji təcrübənin klinik psixologiya ixtisası üçün “klinik təcrübə”, səhiyyə menecmenti ixtisası üçün “tibb müəssisələrində idarəetmə təcrübəsi” ilə əvəz edilməsinə razılıq verilib. Həmçinin 2020/2021-ci tədris ilindən histologiya, embriologiya və sitologiya kafedrasının adının dəyişdirilərək sitologiya, embriologiya və histologiya adlandırılması qərara alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.