CƏMİYYƏT
Bu il Azərbaycan Tibb Universitetini 1231 tələbə bitirib
Bakı, 30 iyun, AZƏRTAC
İyunun 30-da Azərbaycan Tibb Universitetini (ATU) bitirən tələbələrin “Məzun günü” keçirilib.
Təntənəli mərasimdə tanınmış ictimai-siyasi xadimlər, səhiyyə işçiləri və digər qonaqlar iştirak ediblər.
İlk olaraq Dövlət Himni səsləndirilib.
AZƏRTAC xəbər verir ki, təbrik nitqi ilə çıxış edən səhiyyə naziri Teymur Musayev “Məzun günü”nün gələcəyin həkimlərinin yaddaşında gözəl bir gün kimi qalacağını bildirib: “Bu gün bizim üçün də əlamətdar gündür. Səhiyyəmiz Azərbaycanın sağlam gələcəyi naminə şərəfli missiyaya qoşulacaq bacarıqlı gənclərlə, yaradıcı qüvvələrlə zənginləşir”.
Nazir Azərbaycanda səhiyyə sahəsindəki problemlərə həmişə dövlət tərəfindən xüsusi diqqət yetirildiyini xatırladaraq deyib: “Müasir Azərbaycan cəmiyyətinin digər sahələrində olduğu kimi, səhiyyənin də inkişafı ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli lider Heydər Əliyev əhalinin sağlamlığının qorunmasını ölkə siyasətində ən prioritet məsələlərdən biri hesab edirdi. Bu gün Ulu Öndərin davamçısı olan Prezident İlham Əliyev də respublikamızın sosial-mədəni həyatını hər zaman diqqətdə saxlayır. İxtisasca həkim olan Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın tibb təhsilinin inkişafına göstərdiyi diqqət və qayğı da əvəzsizdir”.
Qeyd olunub ki, son illərdə ATU-nun xarici ölkələrin qabaqcıl təhsil müəssisələri ilə beynəlxalq əlaqələri genişlənməkdədir. Bu, Tibb Universitetində yüksək səviyyəli tədris sisteminin tətbiqini, tələbə və müəllim mübadiləsini mümkün edib. Eyni zamanda, müəllim və tələbələrin beynəlxalq elmi-təcrübi müzakirələrdə iştirakını genişləndirib. Bütün görülmüş işlərin nəticəsində Azərbaycan səhiyyəsi tarixində ilk dəfə olaraq ATU-nun tədris proqramları beynəlxalq akkreditasiyadan keçib.
Çıxışının sonunda səhiyyə naziri məzunları təbrik edib, onlara uğurlar arzulayıb.
Universitetin rektoru, professor Gəray Gəraybəyli tədbir iştirakçılarına ATU-nun fəaliyyəti, son illər tədris prosesində aparılan islahatlar, tətbiq edilən yeniliklər barədə də məlumat verib. Qeyd olunub ki, bu il Azərbaycan Tibb Universitetini 1231 tələbə bitirib. Onlardan 335 nəfəri I müalicə-profilaktika, 332–si II müalicə-profilaktika, 280-ni stomatologiya, 125-i əczaçılıq, 70-i ictimai səhiyyə, 76 nəfəri isə hərbi tibb fakültələrini bitirib. Builki məzunlar arasında 13 nəfər hərbi-feldşer də var. Məzunların 319 nəfəri xarici ölkə vətəndaşıdır. Eyni zamanda, 88 məzun ATU-nu fərqlənmə diplomu ilə bitirib. Fərqlənmə diplomuna layiq görülən məzunların hamısı Azərbaycan vətəndaşıdır.
“Ulu öndər Heydər Əliyev Azərbaycanda həkim və müəllimlərin rolunu yüksək qiymətləndirib. Ümummilli liderin layiqli davamçısı olan Prezident İlham Əliyev fərqlənən tələbələrə daim diqqət və qayğı göstərir. Yüksək balla universitetimizə qəbul olan tələbələrin Prezident təqaüdü ilə mükafatlandırılması bunun bariz nümunəsidir”, - deyə G.Gəraybəyli bildirib.
44 günlük Vətən müharibəsində qazanılan Qələbədən, həkimlərin fəaliyyətindən söz açan rektor haqq savaşımızda Azərbaycan Tibb Universitetinin 18 məzununun şəhid olduğunu diqqətə çatdırıb. Rektor şəhidlərə Allahdan rəhmət, qazilərə cansağlığı, məzunlara gələcək fəaliyyətində həkim andına sadiq qalmağı, ATU-nun adını uca tutmağı arzulayıb.
Sonra Hippokrat andı içən məzunlar xalqımızın sağlamlığının keşiyində ləyaqətlə duracaqlarına söz veriblər.
Tədbirdə təhsilini əla qiymətlərlə başa vuran məzunlara və Azərbaycan Tibb Universitetinin ictimai həyatında fəal iştirak edən gənclərə fəxri fərmanlar təqdim olunub. Diplomları səhiyyə naziri Teymur Musayev və Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli təqdim ediblər.
Daha sonra ATU-nun professor-müəllim heyəti və valideynlər məzunları təbrik edib, onların gələcək peşə fəaliyyətlərində həkim adının müqəddəsliyini doğruldacaqlarına inandıqlarını söyləyiblər.
“Məzun günü”ndə ənənəyə uyğun olaraq məzunlar arasında Prezident təqaüdçüsü olan məzun birinci kursdakı davamçısına həkim libasını və rəmzi atributları təqdim edib. Həmçinin hərbi tibb fakültəsinin məzunlarının paradı olub.
Tədbir bədii hissə ilə davam edib.