ELM VƏ TƏHSİL
Bu il Azərbaycan Universitetini 215 məzun bitirir
Bakı, 2 iyul, AZƏRTAC
Azərbaycan Universitetində XXIV buraxılış “Məzun günü” keçirilib.
Universitetdən AZƏRTAC-a bildiriblər ki, tədbirdə bu ali məktəbin rektoru Səadət Əliyeva, prorektor Yusif Qasımov, xarici dillər kafedrasının müdiri Samirə Məmmədova məzunları təbrik edib, uğurlar arzulayıblar. Qeyd olunub ki, ölkənin ali təhsil məkanında özünəməxsus yeri olan Azərbaycan Universiteti 24-cü dəfədir məzunlarını iş dünyasına yola salır. Universitetin müəllimləri məzunların onlara göstərilən etimadı gələcək fəaliyyətlərlərində doğruldacaqlarına, ali məktəbin adını daim uca tutacaqlarına və layiqincə təmsil edəcəklərinə, ölkəmizin qüdrətlənməsi naminə çalışacaqlarına, onun hərtərəfli inkişafına töhfələrini verəcəklərinə əminliklərini bildiriblər.
Universiteti yüksək göstəricilərlə bitirənlərə fəxri fərmanlar təqdim edilib, 95.17 orta müvəffəqiyyət göstəricisi ilə birinciliklə məzun olan Vəfa Axundova məzunlar adından çıxış edib, şəklini “Azərbaycan Universitetinin fəxrləri” lövhəsinə yerləşdirib.
Daha sonra açıq havada məzunların “papaqatma” mərasimi keçirilib. Tədbir bədii hissə ilə davam edib.
Qeyd edək ki, bu il Azərbaycan Universitetini bakalavriat və magistratura pillələri üzrə ümumilikdə 215 gənc bitirir. Onlardan 11-nə Azərbaycan Universiteti rektorunun fəxri fərmanı təqdim olunub.