CƏMİYYƏT


Bu il Azərbaycanda 654 İİV xəstəsi qeydiyyata alınıb

Bakı, 1 dekabr, AZƏRTAC

Bu ilin 11 ayı ərzində Azərbaycanda 654 nəfər İİV-ə yeni yoluxmuş xəstə qeydiyyata alınıb. Onlardan 635 -i Azərbaycan vətəndaşı, 19 nəfəri isə əcnəbidir. Qeydiyyata alınan ölkə sakinlərindən 432-i kişi, 203-ü qadındır.

Respublika QIÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov bu məlumatı AZƏRTAC-ın müxbirinə verdiyi müsahibədə deyib.

Onun dediyinə görə, bu ilin 11 ayı ərzində qeydiyyata götürülən ölkə vətəndaşlarının 37,9 faizində İİV-ə yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 51,4 faizində heteroseksual, 4 faizində homoseksual kontakt nəticəsində, 1,5 faizində anadan uşağa keçməklə, 0,02 faizində donor qanının köçürülməsi nəticəsində yoluxma baş verib. Xəstələrin 5,2 faizində yoluxma səbəbi aydınlaşdırılır.

Direktorun verdiyi məlumata əsasən bu ilin 11 ayı ərzində 617 nəfər antiretrovirus müalicəsinə cəlb olunub.

Famil Məmmədov daha bir statistikanı xatırladıb: “2016-cı ildə 204 min hamilədən 42, 2017-ci ildə 197 min hamilədən 27, 2018-ci ildə 188 min hamilədən 31, 2019-cu ildə 169 min hamilədən 51, bu il isə 144 min hamilədən 16 nəfərdə virus aşkar edilib. 2018-ci ildən Səhiyyə Nazirliyinin dəstəyi ilə İİV infeksiyasının müalicəsində “Test and Treat” strategiyası tətbiq olunur. Bu, o deməkdir ki, İİV-ə yoluxması təsdiq olunan hər bir xəstə antiretrovirus dərmanlarla təmin olunur. Ölkəmiz 2025-ci ilədək Ümumdünya Səhiyyə Təşkilatının 95-95-95 layihəsinə qoşulacaq, yəni İİV-ə yoluxanların, antiretrovirus qəbul edənlərin və virus yükü azalanların sayı hər üç göstəricidə 95 faiz təşkil edəcəkdir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.