İQTİSADİYYAT
Bu il “Azneft” İstehsalat Birliyi üzrə doqquz meydança tikilib
Bakı, 22 oktyabr, AZƏRTAC
Bu il “Azneft” İstehsalat Birliyi (İB) üzrə doqquz meydança tikilərək təhvil verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu barədə “Azneft” İB-də SOCAR-ın yataqların işlənməsi üzrə vitse-prezidenti Yaşar Lətifov, geologiya və geofizika məsələləri üzrə vitse-prezidenti Bəhram Hüseynov, “Azneft”in baş direktoru Daşqın İsgəndərov, SOCAR-ın Əsaslı Kapital Qoyuluşları İdarəsinin rəisi Rüfət Səfərov, birliyin rəhbərliyi, idarə və şöbə rəislərinin iştirakı ilə keçirilən bu ilin yanvar-sentyabr ayları üzrə texniki-iqtisadi yekunlarına həsr olunan müşavirədə deyilib.
“Azneft” İB-nin baş direktorunun birinci müavini, baş mühəndis Balamirzə Ağarəhimov bu ilin doqquz ayı ərzində neft-qaz hasilatı sahəsində görülmüş işlərdən danışıb, qarşıya qoyulmuş tapşırıqların icrası barədə məlumat verib. O, hasilatın sabitləşdirilməsi istiqamətində görülən tədbirlərdən, tətbiq edilən yeni texnologiyalardan söz açıb.
İclasda hesabat dövründə həyata keçirilmiş qazma, əsaslı tikinti və təmir layihələri, infrastrukturun abadlaşdırılması, yerinə yetirilən tikinti-quraşdırma, eləcə də istehsalat obyektlərində əməyin mühafizəsi sahəsində görülmüş işlərdən danışılıb. Bildirilib ki, il ərzində 9 meydança tikilərək təhvil verilib. Cari ilin avqustundan etibarən tullantıların 100 faiz utilizasiyasına nail olunub.