REGİONLAR
Bu il Balakəndə 300 hektarda tütün əkini proqnozlaşdırılır
Balakən, 13 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Builki mövsümdə Balakən rayonunun təsərrüfatlarında 300 hektarda tütün əkini nəzərdə tutulur. Balakənli fermerlər bu il 270 hektar sahədə “Virciniya botaniki” və 30 hektarda yerli “İmmuniy” növlü tütün yetişdirəcəklər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon İcra Hakimiyyəti aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Turan Dibirov məlumat verib.
Qurum rəsmisi bildirib ki, tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən artıq sadə istixanaların hazırlanmasına başlanılıb. Hazırda istixanalara “İmmuniy” növlü tütünün toxumu səpilir. Tütün əkiləcək sahələr də müəyyənləşdirilib və hazırda qış şumu aparılır. İstixanalarda yetişdiriləcək tütün şitilləri aprelin əvvəlində sahələrə köçürüləcək.
Xatırladaq ki, ötənilki mövsümdə balakənli fermerlər 425 hektar sahədən 786 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 273,7 ton artıb.