REGİONLAR
Bu il Balakəndə 40 min ton dən qarğıdalı istehsalı gözlənilir
Balakən, 7 iyun, Mustafa Dadaşov, AZƏRTAC
Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Təsadüfi deyil ki, son illər Balakən qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada ön sırada yer alır.
Rayonun şəxsi və fermer təsərrüfatlarında qarğıdalı əkini artıq başa çatıb. Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Məmməd Şərifov AZƏRTAC-a bildirib ki, cari mövsümdə Balakəndə 6 min 581 hektar sahədə qarğıdalı əkilib. Fermerlər bu il 40 min tonadək dən qarğıdalı istehsal etməyi qarşılarına məqsəd qoyublar. Əlverişli keçən hava şəraiti bu il də rayonda qarğıdalı istehsalının bol olacağından xəbər verir. Hazırda əkin sahələrində aqrotexniki qulluq işləri davam etdirilir.
Rayonda qarğıdalı istehsalı ilə məşğul olan iri fermer təsərrüfatlarının sayı ildən-ilə artır. Belə təsərrüfatlardan biri də rayonun Talalar kəndində fəaliyyət göstərir. Təsərrüfatın rəhbəri Nüsrət Əsgərov AZƏRTAC-a bildirib ki, ötən il 150 hektar sahədə qarğıdalı əkib, 600 tondan çox məhsul əldə edib. Dövlətin kənd təsərrüfatı məhsulları istehsalçılarına dəstəyindən ruhlanan fermer bu il əkin sahələrini daha da genişləndirərək 200 hektara çatdırıb. Fermerin bildirdiyinə görə, hava şəraiti imkan verərsə, bu il qarğıdalı sahələrinin hər hektarından 80-100 sentnerədək məhsul gözləyir. Hazırda təsərrüfatda 15 işçi çalışır.