REGİONLAR
Bu il Balakəndə 45 min ton qarğıdalı istehsalı gözlənilir
Balakən, 17 avqust, Mustafa Dadaşov. AZƏRTAC
Qarğıdalı istehsalı Balakən rayonunun kənd təsərrüfatında aparıcı yerlərdən birini tutur. Mövcud təbii iqlim şəraiti rayonun qarğıdalıçılıq üzrə ixtisaslaşmasına, bu sahənin daha da inkişaf etdirilməsinə imkan verir. Bunun nəticəsidir ki, son illər balakənli fermerlərdə bu sahəyə maraq xeyli artıb. Hazırda Balakən rayonu qarğıdalı bitkisinin əkin sahəsinə və istehsal olunan məhsulun həcminə görə respublikada liderliyini qoruyub saxlayır. Ötən il fermerlər 7101 hektar qarğıdalı sahəsindən 40 min tondan çox məhsul əldə ediblər. Cari ildə isə rayonda qarğıdalı bitkisinin əkin sahələri 143 hektar genişləndirilərək 7244,5 hektara çatdırılıb. Əlverişli iqlim şəraiti bu il də rayonda qarğıdalı istehsalının bol olacağından xəbər verir.
Rayon icra hakimiyyətinin rəsmisi Məmməd Şərifov AZƏRTAC-a bildirib ki, builki mövsümdə balakənli fermerlər 45 min ton dən qarğıdalı istehsal etməyi qarşılarına məqsəd qoyublar. Hazırda təsərrüfatlarda qarğıdalı yığımına son hazırlıq işləri görülür. Yığım kampaniyasına cəlb olunacaq bütün texnika, o cümlədən 8 qarğıdalıyığan kombayn saz vəziyyətə gətirilib.
Balakəndə qarğıdalı istehsalı ilə məşğul olan iri fermer təsərrüfatlarının sayı ildən-ilə artır. Belə fermer təsərrüfatlarından biri də rayonun Gərəkli kəndində fəaliyyət göstərir. Təsərrüfatın rəhbəri İslam Muradov 20 ilə yaxındır ki, qarğıdalıçılıqla məşğul olur. Fermer bu il təsərrüfatında 100 hektar sahədə qarğıdalı əkib. Dövlətimiz tərəfindən torpaq mülkiyyətçilərinə göstərilən yardımlardan yetərincə bəhrələnən fermer əkin sahələrinə yüksək aqrotexniki qulluq göstərib. Nəticədə təsərrüfatında bol məhsul yetişib.
Təsərrüfat rəhbəri AZƏRTAC-a bildirib ki, bu il qarğıdalı sahələrinin hər hektarından 80 sentnerdən 120 sentnerədək məhsul gözləyir. Ötən il isə təsərrüfatında məhsuldarlıq 60 sentner olub. Hazırda təsərrüfatda 15 nəfər mövsümi işlə təmin olunub.
Torpaq mülkiyyətçilərinə göstərilən dövlət qayğısını yüksək qiymətləndirən balakənli fermer ölkəmizdə ərzaq təhlükəsizliyinin təmin olunmasına azacıq da olsa töhfə vermək arzusunda olduğunu bildirib.