REGİONLAR


Bu il Balakəndə 475 hektarda tütün əkini planlaşdırılır

Balakən, 10 aprel, Mustafa Dadaşov, AZƏRTAC

Builki mövsümdə Balakən rayonunun təsərrüfatlarında 475 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 750 sadə istixana quraşdırılaraq toxum səpilib. İstixanalarda yetişdirilən tütün şitilləri aprelin 15-dən etibarən sahələrə köçürüləcək.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə rayon icra hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov məlumat verib.

Qurum rəsmisi bildirib ki, bu il balakənli fermerlər 375 hektarda “Virciniya” və 8 hektarda “Berley” növlü ətirli, 92 hektarda isə yerli tütün sortları yetişdirəcəklər.

Xatırladaq ki, ötənilki mövsümdə rayonun fermerləri 535 hektar sahədən 643 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 2 dəfədən çox və ya 325,6 ton artıb. İstehsalın artmasına ötən il rayonun Hənifə kəndində yeni istifadəyə verilən 60 kameralı tütünqurutma məntəqəsinin tam gücü ilə işləməsi böyük təsir göstərib. Məntəqə ötən mövsümdə fermerlərdən 2823 ton yaşıl tütün kütləsi qəbul edib və emal prosesindən sonra burada 392 ton quru tütün istehsal olunub. Emal məntəqəsində 20 nəfər daimi, 75 nəfər isə mövsümi işlə təmin edilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.