REGİONLAR
Bu il Balakənin fındıq bağlarından 6,3 min tondan çox məhsul yığılıb
Balakən, 13 oktyabr, Mustafa Dadaşov, AZƏRTAC
Balakən rayonunun fındıq bağlarında məhsul yığımı başa çatıb. Bu il bağlardan 6 min 312,5 ton məhsul tədarük olunub. Fındıq istehsalı ötən illə müqayisədə 86 tondan çox artıb.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Balakən Rayon Statistika İdarəsindən məlumat verilib.
Qurumdan bildirilib ki, ənənəvi sahələrdən olan fındıqçılığın inkişaf etdirilməsi Balakən rayonunun kənd təsərrüfatı üçün prioritet istiqamətlərdən biri sayılır. Dövlətimizin başçısının bu sahənin inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə Balakən rayonunda da davamlı iş aparılır. Belə ki, son illər rayon ərazisində 4,7 min hektardan çox sahədə yeni fındıq bağları salınıb. Bağların ümumi sahəsi 10 min 544,1 hektara çatdırılıb. Bu bağların 5 min 571 hektarı barverəndir.
Xatırladaq ki, ötən il rayonun fındıq bağlarından 6 min 226 ton məhsul tədarük olunub.