REGİONLAR


Bu il Cəlilabadda yetişdirilən kartofun 80 faizi Rusiyaya ixrac olunub

Cəlilabad, 9 avqust, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən rayon icra hakimiyyətinin geniş şura iclasında 2019-cu ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr müzakirə edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yığıncaqda hesabat məruzəsi ilə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namiq Zeynalov bu ilin birinci yarısında rayon iqtisadiyyatının əsasını təşkil edən aqrar bölmədə uğurlu nəticələr əldə olunduğunu bildirib.

Qeyd olunub ki, bu il rayonun əkin strukturunda əsas yer tutan taxılçılığın inkişaf etdirilməsi məqsədilə 54,9 min hektar sahədə buğda, 4,5 min hektarda arpa və 3,8 min hektarda vələmir əkilib. Həmin sahələr qısa müddət ərzində biçilib, 203,7 min ton buğda, 15,9 min ton arpa və 10,1 min ton vələmir istehsal edilib.

Taxılçılıqla yanaşı, kartofçuluğun da inkişafı diqqət mərkəzində saxlanılıb. 5000 hektar kartof sahəsinin hər hektarından 229 sentner məhsul götürülərək, 114,5 min ton keyfiyyətli kartof istehsal olunub. Məhsulun 91,6 min tonunun və ya 80 faizinin Rusiya Federasiyasına ixrac edilməsi nəticəsində fermerlərin büdcəsinə 10 milyon ABŞ dollarından çox vəsait daxil olub.

Bu dövrdə rayonda 7,2 min ton noxud, 533 ton mərci, 262 ton lərgə və 2,9 min ton tərəvəz istehsal edilib. Üzümçülər isə 1401 hektar sahədə bol məhsul yetişdirməyə nail olublar. Hazırda üzüm sahələrində məhsul yığımı davam edir.

Cari ildə rayonda 507 hektar sahədə pambıq əkilib, sahələrin suvarılması üçün zəruri tədbirlər görülmüş və normal çıxış alınıb. Rayonun 14 kümçüsü isə 697 kiloqram yaş barama istehsal edərək “Azər-İpək” ASC-yə təhvil verib.

Yarımildə qaramalın sayı 95,6 min, davarların sayı 119,6 min, quşların sayı 849,5 min başa çatdırılıb, 6,7 min ton ət, 25,0 min ton süd və 9,8 milyon ədəd yumurta istehsal edilib. Lizinq yolu ilə xaricdən 725 baş cins qaramal gətirilib, yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması üçün 2783 baş inək süni mayalandırılıb və1825 baş cins buzov alınıb.

Diqqətə çatdırılıb ki, bu ilin birinci yarısında rayonda sosial məsələlərin həllinə diqqət artırılıb.

Rayon mənzil istismarı sahəsinin balansında olan 8 çoxmənzilli binanın fasadı və giriş hissələri təmir olunub, kanalizasiya xətləri yeni sistemə qoşulub. Həmçinin Mirzəli Hüseynzadə, Qarabağ və Babək küçələri asfaltlaşdırılıb, Heydər Əliyev prospekti ilə Qurtuluş küçəsinin kəsişməsindəki dairə yenidən qurulub. Bundan başqa, Ələt-Astara magistral yolundan Cəlilabad şəhərinə girişdə quraşdırılmış ad göstəricisinin ətrafında abadlıq işləri görülüb, Heydər Əliyev prospektində, Cavadxan, Qurtuluş və Səməd Vurğun küçələrində fərdi yaşayış evlərinə məxsus hasarlar suvanıb, açıq həyətlərə dəmir hasarlar çəkilib.

Rayonda “ASAN xidmət” mərkəzinin, xalça fabrikinin, yetkinlik yaşına çatmayan kimsəsiz uşaqlar üçün sosial sığınacağın və ixtisaslaşdırılmış reabilitasiya mərkəzinin tikintisi üçün müvafiq torpaq sahələri ayrılıb. Hazırda “ASAN xidmət” mərkəzinin tikintisi davam etdirilir. Muğan kəndində isə 500 şagird yerlik yeni məktəb inşa olunur. Ümumiyyətlə, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən rayonda 10 kənddə modul tipli məktəbin tikilməsi nəzərdə tutulub.

Bundan başqa, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən Cəlilabad şəhərinin yeni yaşayış massivində 624 şagird yerlik tam orta məktəb, habelə 15 orta, ümumi və ibtidai məktəb tikilməsi, Cəlilabad peşə liseyinin və 4 tam orta məktəbin təmir edilməsi planlaşdırılıb. Dövlət İnvestisiya Proqramı çərçivəsində Cəlilabad şəhər 3 nömrəli ümumi orta məktəb üçün yeni bina tikiləcək.

Məruzə ətrafında müzakirələrdə çıxış edənlər 2019-cu ilin birinci yarısında rayonda sosial-iqtisadi inkişaf sahəsində görülmüş işlərdən danışaraq, mövcud problemlərlə bağlı təkliflərini bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.