CƏMİYYƏT
Bu il Dövlət Məşğulluq Xidməti 800-ə yaxın işsiz və işaxtaran şəxsi peşə hazırlığına cəlb edib
Bakı, 2 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən bu ilin 6 ayında 800-ə yaxın işsiz və işaxtaran şəxs peşə hazırlığı kurslarına cəlb edilib. Onlardan 409-u qadın, qalanları kişilərdir. Həmçinin kurslara cəlb olunanların 255-ni gənclər təşkil edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, işsiz və işaxtaran şəxslərin peşə bacarıqlarına yiyələnməklə məşğulluğuna şərait yaradılması məqsədi daşıyan kurslarda aşpaz, dərzi, xalçaçı, kompüter mühasibliyi, kompüterçi dizayner, qaynaqçı, istixana operatoru, şirniyyatçı, kompüter istifadəçisi, vizajist, bərbər və s. peşələr tədris olunub. İştirakçılardan bir qismi artıq kursu bitirib və onlara sertifikatlar təqdim edilib.
Kursların müdavimlərinə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də verilir.
Pandemiya ilə əlaqədar peşə hazırlığı prosesində fasilə yaranan kursların müdavimlərinə Nazirlər Kabinetinin müvafiq qərarı ilə həmin təqaüdlərin verilməsi davam etdirilir.