CƏMİYYƏT
Bu il Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda 11 rezident həkim-mütəxəssis hazırlığını bitirib
Bakı, 24 iyul, AZƏRTAC
İyulun 24-də Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunda (ETMGİ) Səhiyyə Nazirliyinin növbəti tədbiri keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun baş həkimi Hicran Kazımova əsaslı təmirdən sonra istifadəyə verilən müəssisə barədə təqdimatla çıxış edib. Bildirib ki, ETMGİ fəaliyyətə başladığı ilk gündən kliniki və elmi fəaliyyətlə yanaşı, respublikanın doğuşa yardım bütün müəssisələri üçün də metodik mərkəz kimi də fəaliyyət göstərir. Metodik fəaliyyət dedikdə, mamalıq və ginekologiyanın problemlərinə dair metodik tövsiyələrin, kliniki protokolların işlənib hazırlanmasının nəzərdə tutulduğunu vurğulayan H.Kazımova diqqətə çatdırıb ki, institut Bakıda və regionlarda konfransların, seminarların və təlimlərin keçirilməsi, bölgələrdə çalışan həkimlərin və orta tibb işçilərinin institutun bazasında işçi yerində təcrübə keçməsinin təmin olunması ilə yanaşı, kuratorluq fəaliyyətini də həyata keçirir. Mama-ginekoloq, neonatoloq və reanimatorlardan ibarət kurator qrupu respublikamızın bir sıra bölgələrində nəzəri və praktiki yardım göstərir.
Qeyd edilib ki, ETMGİ-də mamalıq və ginekologiya ultrasəs, kardiotokoqrafiya, genetik, hamiləliyin başa çatdırılmaması problemi zamanı immunoloji müayinələr tətbiq olunur. Bundan əlavə, müəssisədə endoskopik əməliyyatlar, cinsiyyət üzvlərinin inkişafı anomaliyalarının cərrahi müalicəsi ilk dəfə aparılıb. Aşağı seqmentə köndələn kəsiklə qeysəriyyə kəsiyi əməliyyatı ilk dəfə olaraq institutda icra edilib. Hazırda ETMGİ-də 431 əməkdaş fəaliyyət göstərir. Bunlardan 38-i elmi işçi, 60-ı həkim, 33-ü həkim-rezident, 139-u orta tibb işçiləridir. Ümumiyyətlə, bu tibb müəssisəsinin elmi istiqaməti ana və uşaqların sağlamlığının monitorinqi və bu istiqamətdə çox yayğın xəstəliklərin müalicə və profilaktikası üsullarının təkmilləşdirilməsidir.
Tədbirdə ETMGİ-də rezident-həkim mütəxəssislərin hazırlığı barədə məlumat verilib. Bildirilib ki, respublikanın bir sıra elmi müəssisələrində və klinikalarında da aparılan rezident-həkim hazırlığına ETMGİ-də 2011-ci ildən başlanılıb. Bu il 11 rezident həkim-mütəxəssis hazırlığını bitirib. Onlardan altısı mamalıq və ginekologiya, üçü anesteziologiya və reanimasiya, ikisi isə genetika ixtisası üzrə mütəxəssislərdir.