CƏMİYYƏT
Bu il Gürcüstan universitetlərinə 1072 azərbaycanlı qəbul olub
Tbilisi, 9 sentyabr, AZƏRTAC
Gürcüstanda yaşayan azərbaycanlılar arasında ali məktəblərə qəbul olanların sayı artıb. 2021-2022-ci tədris ili üzrə Gürcüstanın ali məktəblərinə 1072 nəfər azərbaycanlı abituriyent qəbul olub. Bu da əvvəlki tədris ili ilə müqayisədə 116 nəfər çoxdur.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Qiymətləndirmə və İmtahanlar üzrə Milli Mərkəzindən məlumat verilib.
Bildirilib ki, azərbaycanlı abituriyentlərin 1033-ü milli azlıqlar üçün nəzərdə tutulan “1+4” proqramı üzrə qəbul olunub. 99 tələbə isə dövlət qrantı əldə edib.
Azərbaycanlı tələbələrin 338-i Gürcüstan Texniki Universitetinə, 301-i İvane Cavaxişvili adına Tbilisi Dövlət Universitetinə, 208-i isə İlya Dövlət Universitetinə qəbul olunub. Qalanlar isə digər universitetlərdə təhsil alacaqlar.
Qeyd edək ki, bu il Gürcüstan universitetlərinə 296 nəfər erməni abituriyent qəbul olub. Bu da azərbaycanlılarla müqayisədə 3,6 dəfə azdır.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi