DÜNYA
Bu il Gürcüstanda “Tbilisoba” bayramı keçirilməyəcək
Tbilisi, 9 sentyabr, AZƏRTAC
Gürcüstanda ənənəvi “Tbilisoba” (Tbilisi şəhər günü) bayramı pandemiya səbəbindən bu il qeyd olunmayacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Tbilisi şəhərinin meri Kaxa Kaladze meriyanın sentyabrın 9-da keçirilən iclasında məlumat verib.
K.Kaladze deyib: “Tbilisoba” bayramı hər il oktyabrın birinci şənbə və bazar günü keçirilirdi. Koronavirus pandemiyası ilə əlaqədar biz bu bayramı bu il “layv-rejim”də qeyd edəcəyik. Bizim üçün insanların sağlamlığı daha vacibdir, buna görə də kütləvi bayram keçirilməyəcək”.
Onun sözlərinə görə, həmin günlərdə insanlar bayram konsertləri və digər mədəni tədbirləri yalnız televiziya vasitəsilə izləyəcəklər.
Qeyd edək ki, əsası 1979-cu ilin oktyabr ayında qoyulan “Tbilisoba” bayramı zəngin proqramla iki gün davam edir. Bayram çərçivəsində paytaxt Tbilisinin mərkəzində kənd təsərrüfatı, yeyinti sənayesi və yüngül sənaye məhsullarının satış-yarmarkası təşkil olunur. Gürcüstanın dövlət və hökumət rəsmiləri bayram tədbiri keçirilən küçə və parkları gəzib, xalqı təbrik edirlər. Bayram günləri çərçivəsində maraqlı konsert proqramı da təşkil olunur.
Hər il keçirilən bayram tədbirlərində bu ölkədə yaşayan azərbaycanlılar da fəal iştirak edirdilər.
Paytaxtın mərkəzi küçələrində yaradılan Azərbaycan guşəsində xalqımızın qədim mədəniyyəti, istehsal nümunələri və ləziz təamları da nümayiş etdirilir.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi