REGİONLAR
Bu il İmişlidə 18 min hektardan çox pambıq əkiləcək
İmişli, 3 aprel, Mahir Babayev, AZƏRTAC
Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə martın 28-də Saatlıda keçirilən pambıqçılığın inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısının nitqindən irəli gələn vəzifələr İmişlidə də geniş müzakirə olunub.
AZƏRTAC xəbər verir ki, aidiyyəti idarə, müəssisə və təşkilat rəhbərlərinin, pambıq istehsalçılarının və bələdiyyə nümayəndələrinin iştirakı ilə keçirilən müşavirədə çıxış edən rayon icra hakimiyyətinin başçısı Vilyam Hacıyev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qeyri-neft sektorunun inkişafı istiqamətində həyata keçirilən tədbirlərdən danışıb. Bildirilib ki, hazırda regionlarda aqrar sahənin inkişaf etdirilməsi ilə bağlı aparılan işlər İmişli rayonunda da öz nəticəsini verməkdədir. İmişli həmişə respublikamızın aparıcı aqrar rayonlarından biri olub və pambıq istehsalında qazandığı uğurlara görə fərqlənib.
İcra hakimiyyətinin başçısı diqqəti Saatlıda pambıqçılığın inkişafı məsələsinə həsr olunan respublika müşavirəsinin yekunlarına, Prezident İlham Əliyevin nitqində qarşıya qoyulan konkret vəzifələrə yönəldib. Qeyd olunub ki, ötən il rayonda çiyid səpininin gec aparılmasına və hava şəraitinin qeyri-sabit keçməsinə baxmayaraq, uğurlu nəticələr əldə olunub. Belə ki, 5051 hektar pambıq sahəsindən 10204 ton məhsul tədarük olunaraq qəbul məntəqələrinə təhvil verilib. Məhsuldarlıq orta hesabla hər hektarda 20,2 sentnerə çatıb. Pambıq tədarükünə görə İmişli rayonu respublika üzrə üçüncü nəticəni göstərib.
Diqqətə çatdırılıb ki, bu il rayonda 18250 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulur. Artıq 734 torpaq mülkiyyətçisi ilə müqavilələr bağlanılıb və bu günədək 12 min 300 hektar sahədə şum aparılıb. Texnikanın səpinə hazırlanması başa çatıb və hazırda sahələrdə malalama işləri davam etdirilir.
Məlumat verilib ki, nəzərdə tutulan 18250 hektar torpaq sahəsinin 14930 hektarı “MKT” MMC-nin İmişli filialı, 1250 hektarı “CTS AQRO” MMC, 750 hektarı “Kənd Təsərrüfatı” MMC, 1320 hektarı isə rayon icra hakimiyyəti tərəfindən mülkiyyətçilərlə fərdi qaydada bağlanmış müqavilələr əsasında əkiləcək.
Digər çıxış edənlər pambıq əkini üçün ayrılmış torpaq sahələrinin suvarma suyuna tələbatdan və bu sahədə görülən işlərdən danışıblar. Diqqətə çatdırılıb ki, rayon ərazisində suvarma sahəsində mühüm əhəmiyyət daşıyan “Boztəpə”, Osmankanal”, “Qızılarx” və “Xəkiarx” kanallarda təmizləmə işləri əsasən başa çatıb.
Prezident Administrasiyasının məsul nümayəndəsi Əflatun Rufiyev müşavirədə çıxış edərək qarşıda duran konkret vəzifələrdən danışıb.