REGİONLAR
Bu il İmişlidə 7 min hektardan çox sahədə pambıq becəriləcək
İmişli, 22 aprel, Mahir Babayev, AZƏRTAC
İmişlidə çiyid səpini müvəffəqiyyətlə davam edir. Ötən il 20 min tona yaxın xam pambıq istehsal edən imişlili fermerlər cari ildə 7 min 412 hektar sahədə pambıq əkməyi planlaşdırıblar. Sahələrdə bol məhsul yetişdirmək üçün 1062 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və onlara lazımi köməklik göstərilir. Bu il havaların qeyri-sabit keçməsinə baxmayaraq, əkinçilər səpini qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin aqronomu Rüstəm Vəliyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari təsərrüfat ilində rayonda 7 min 412 hektardan çox sahədə səpin keçirilməsi nəzərdə tutulub. Bunun üçün bütün lazımi tədbirlər vaxtında həyata keçirilib, əkin sahələri şumlanıb, arata qoyulub və malalanaraq səpinə hazırlanıb. Texnika sarıdan da heç bir çətinlik yoxdur. Sahələrə kifayət qədər maşın mexanizm və səpin aqreqatı çıxarılıb. Səpin zamanı rayonlaşdırılmış toxum sortları ilə yanaşı, Türkiyədən gətirilmiş yüksək reproduksiyalı toxumlardan da istifadə olunur. Artıq 1769 hektar sahədə çiyid səpini aparılıb. Məhsul istehsalçıları səpin kampaniyasını vaxtında başa çatdırmaq üçün intensiv üsullardan səmərəli istifadə edirlər.