DÜNYA
Bu il Norveçə 30 mindən çox ukraynalı qaçqının gəlməsi gözlənilir
Stokholm, 17 mart, AZƏRTAC
Bu il Norveçə 30 mindən çox ukraynalı qaçqının gəlməsi gözlənilir.
AZƏRTAC xəbər verir ki, bunu Norveçin ədliyyə naziri Emili Enger Mehl deyib.
Daha əvvəl krallıq hökuməti ölkəyə gözlənilən qaçqın axınına hazırlıq işlərinə başladığı üçün xüsusi komissiya yaradılıb. Bununla yanaşı, Norveç hakimiyyəti qaçqınların sayının gözləniləndən çox olduğu halda xüsusi tədbirlər planı da hazırlayır. “Ukraynadakı müharibənin necə davam etməsindən asılı olaraq vəziyyətin tez dəyişə biləcəyini nəzərə almaq vacibdir”, - deyə Emili Enger Mehl bildirib.
Norveç, həmçinin ölkəyə daxil olan sığınacaq axtaranlara yeni mərkəzlər yaratmaq üçün fəaliyyətin bərpa olunduğunu elan edib. Artıq qaçqınlar hotellərdə, keçmiş qocalar evlərində, istifadəsiz mənzillərdə və fərdi evlərdə yerləşdirilir. Gələnlər üçün sadələşdirilmiş sığınacaq prosesi tətbiq olunur, qaçqın statusu almaq və müraciətlərinə baxılması prosesini sürətləndirməsi ilə yanaşı bu insanlara qrup mühafizəsi də təklif olunur.
Qeyd edək ki, Ukraynada müharibə başlayandan sonra azı 2,5 milyon insan vətənini tərk etmək məcburiyyətində qalıb.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm