İQTİSADİYYAT
Bu il Özəlləşdirmə portalına 200 minə yaxın şəxs müraciət edib
Bakı, 13 aprel, AZƏRTAC
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının özəlləşdirilməsində şəffaflığın təmin edilməsi, müvafiq prosedurların elektron üsullarla gerçəkləşdirilməsi üzrə tədbirlər həyata keçirir. Belə tədbirlərdən biri də Özəlləşdirmə portalının yaradılmasıdır. Bu ilin ötən dövründə portaldan 200 minə yaxın şəxs istifadə edib. Ümumilikdə isə ziyarətçilərin sayı 500 minə yaxınlaşıb.
Komitədən AZƏRTAC-a bildirilib ki, insanların marağını cəlb edən əsas cəhətlərdən biri portalın xüsusi və rahat dizayna malik olmasıdır. Ziyarətçilər investisiya müsabiqəsi bölməsinə daxil olmaqla sənaye, aqrar, inşaat, səhiyyə, telekommunikasiya, nəqliyyat və digər sahələrdə keçirilən hərraclar barədə məlumat ala bilərlər. Burada hər bir sahəyə dair əmlaklar, müəssisənin fəaliyyət sahəsi və imkanları, rəqibləri qeyd olunur. Bu isə investora bazarı öyrənmək, yaxşı gəlir əldə etmək baxımından əlverişli şərait yaradır. Eyni zamanda, investorlar Azərbaycana sərmayə yatırmaq imkanlarını və bunun üstünlüklərini “Niyə Azərbaycan” bölməsinə daxil olmaqla öyrənə bilərlər.
Statistikaya görə, istifadəçilərin ən çox müraciət etdiyi bölmə məhz hərraclar bölməsidir. Ölkə vətəndaşları ilə yanaşı, Türkiyə, Rusiya, ABŞ, Fransadan da portalı izləyənlərin sayı kifayət qədər artıb. Bu da Azərbaycanda investisiya mühitinin daha da sağlamlaşmasına, xarici bazarlara çıxış imkanlarının artmasına, ixrac potensialının yüksəlməsinə, eyni zamanda ölkəmizdə yeni iqtisadi sahələrin formalaşmasına şərait yaradır.
Ziyarətçilər özəlləşdirməyə açıq elan edilən müəssisələr haqqında portal vasitəsilə ətraflı məlumat əldə edə bilirlər. Belə ki, hərraca çıxarılan əmlaklar haqqında məlumat “Hərraclar” bölməsində yerləşdirilir. Proses yekunlaşdıqdan sonra nəticələr portalın “Nəticələr” bölməsində əks olunur. Bundan başqa, hərraclar haqqında məlumatları “Son xəbərlər” bölməsindən əldə etmək mümkündür. Hərracların videoyazıları isə portalın “Şəkillər və videoçarxlar” bölməsində yer alır.
Portalda, həmçinin “Onlayn məsləhət pəncərəsi” də fəaliyyət göstərir. Məqsəd özəlləşmə prosesində iştirak edən potensial investorlarda yarana biləcək sualların daha çevik və dolğun şəkildə cavablandırılmasıdır. “Onlayn məsləhət pəncərəsi” vasitəsilə hərracların vaxtı, hərraca çıxarılan əmlaklar, nəticələr və digər suallar cavablandırılır. İstifadəçilər iş günləri saat 9.00-dan 18.00-dək portal vasitəsilə onlayn məsləhət ala bilərlər.
Xatırladaq ki, hərraclar barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, komitənin rəsmi saytı və “facebook”dakı rəsmi səhifəsi vasitəsilə aparılır.