İQTİSADİYYAT
Bu il “Qalmaz” yeraltı qaz anbarı sahəsində 21 yeni quyu qazılacaq
Bakı, 25 may, AZƏRTAC
Bu il “Qalmaz” yeraltı qaz anbarı sahəsində 21 yeni quyunun qazılması planlaşdırılır.
AZƏRTAC “Azneft” İstehsalat Birliyinə istinadla xəbər verir ki, bu barədə qaz anbarlarının həcminin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərlə tanış olmaq məqsədilə, birliyin rəhbərliyinin iştirakı ilə Qaz Anbarlarının İstismarı İdarəsinin “Qalmaz” yeraltı qaz anbarı sahəsində keçirilən texniki müşavirədə deyilib. “Azneft” İstehsalat Birliyinin baş direktoru Daşqın İskəndərovun rəhbərliyi ilə “Neftqaztikinti” trestinin rəisi Mirkazım Abbasovun, eləcə də aidiyyəti mütəxəssislərin iştirak etdiyi işçi heyət öncə “Qalmaz” yeraltı qaz anbarı sahəsinə baxış keçirib.
Daha sonra isə sözügedən sahənin inzibati binasında texniki müşavirə keçirilib. İdarə rəisi Rövşən Qarayev gələn ilin may ayına kimi “Qalmaz” yeraltı qaz anbarı sahəsinə aktiv qaz həcminin 1,5 milyard olmaqla, bufer qaz həcminin 2,3 milyard kubmetrə çatdırılması üzrə işlər görüləcəyini deyib. Bunun üçün, Qaz Anbarlarının İstismarı İdarəsi tərəfindən qaz anbarlarının həcminin genişləndirilməsi istiqamətində mühüm tədbirlər – yeni quyuların qazılması, yerüstü avadanlıqların – qaz təsərrüfatının yenidən qurulması və mövcud infrastrukturunun təkmilləşdirilməsi işləri həyata keçiriləcək.
Müşavirə zamanı qeyd olunub ki, bu il ərzində “Qalmaz” yeraltı qaz anbarı sahəsində 3-cü bloka 6, 4-cü bloka 15 yeni quyunun qazılması planlaşdırılır. Sözügedən sahədə 6 yeni kompressor stansiyasının tikilərək 2019-cu ilin qazvurma mövsümünə kimi başa çatdırılması nəzərdə tutulur. Yeni tikiləcək kompressor stansiyalarının avadanlıqlarının təchiz edilməsi istiqamətində işlərin davam etdirildiyi qeyd olunub. 3-cü blokun qaz paylama məntəqəsində 15 ədəd quyu üçün yeni manifold sisteminin tikintisi həyata keçiriləcək.
Bu məqsədlə anbarlarda, eləcə də kompressor və elektrik təsərrüfatlarında mühüm yenidənqurma və genişləndirilmə işlərinin aparılacağı ifadə olunub.
Sonda yekun nitqi ilə çıxış edən “Azneft” İstehsalat Birliyinin baş direktoru bu işlərin həyata keçirilməsində çatışmazlıqlar barəsində onların problemlərini dinləmiş və problemlərin aradan qaldırılmasına dair müvafiq göstərişlər verib.