REGİONLAR
Bu il Qaxda 600 hektardan çox sahədə tütün əkiləcək
Qax, 3 aprel, Mustafa Dadaşov, AZƏRTAC
Bu il Qax rayonunun təsərrüfatlarında 615 hektar sahədə tütün əkini nəzərdə tutulur. Əkin sahələrinin 600 hektarına “Virciniya” növlü ətirli, 15 hektarına isə yerli tütün sortları əkiləcək. Bu məqsədlə hazırda “Azərtütün” MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinin istixana təsərrüfatında 1500 kvadratmetr, fermerlərin özləri tərəfindən hazırlanan sadə istixanalarda isə 10 min 800 kvadratmetr sahədə tütün şitilləri yetişdirilir.
Emal məntəqəsinin müdiri İsrafil Səfərov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, müəssisənin istixana təsərrüfatında tütün şitillərinin yetişdirilməsinə martın 10-dan başlanılıb. İstixananın içərisindəki su hövzələrində plastik lotoklarda yetişdirilən “Virciniya” növlü tütün şitillərinin bitişi normaldır. Şitillərin sahələrə köçürülməsi prosesinə aprelin 20-dən sonra başlanılacaq. Müəssisədə yetişdirilən tütün şitilləri ilə 77 hektar sahədə əkin aparmaq mümkün olacaq.
Ötən il qaxlı fermerlər 606 hektar sahədə tütün yetişdirib, 810 ton quru tütün istehsal ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 2,5 dəfə artıb.