CƏMİYYƏT
Bu il Qida Təhlükəsizliyi Agentliyinə qeydiyyatla əlaqədar 4,6 mindən çox müraciət daxil olub
Bakı, 25 aprel, AZƏRTAC
Bu ilin yanvar-aprel ayları ərzində Qida Təhlükəsizliyi Agentliyinə qida təhlükəsizliyi qeydiyyatı ilə bağlı ümumilikdə 4643 müraciət daxil olub.
Agentliyin mətbuat katibi Aysel Fərziyeva bu barədə AZƏRTAC-a verdiyi məlumatda bildirib ki, müraciətlərdən 147-si ilkin istehsal, 553-ü istehsal, 17-si qablaşdırma, 27-si saxlanma, 3-ü daşınma, 441-i topdansatış, 2636-sı pərakəndə satış və 819-u ictimai iaşə fəaliyyəti ilə əlaqədar olub.
Həmin müddətdə 52 subyektdə qida təhlükəsizliyinə dair texniki-normativ hüquqi aktların tələblərinin pozulması halları aşkar edilib və həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınmasından imtina edilib və sahibkarlıq subyektlərində sağlamlaşdırma tədbirləri həyata keçirilib.
Qeydiyyatından imtina edilmiş 32 subyektin fəaliyyətinin sağlamlaşdırılması üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən zəruri texniki və metodoloji dəstək göstərilib və aparılan təkrar yoxlamaların nəticələrinə əsasən həmin subyektlərin qida təhlükəsizliyi qeydiyyatına alınması ilə bağlı müvafiq qərar qəbul edilib.
Onun verdiyi məlumata görə, mayın 1-dən etibarən qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin qeydiyyatı və reyestrə daxil edilməsi onlayn qaydada həyata keçiriləcək.