REGİONLAR
Bu il Saatlıda 17 min 150 hektar sahədə pambıq əkiləcək
Saatlı, 19 aprel, Mahir Babayev, AZƏRTAC
Saatlıda çiyid səpini uğurla davam edir. Ötən il respublika üzrə ən çox “ağ qızıl” istehsal edən rayon pambıqçıları bu il də qələbə əzmi ilə çalışır, daha çox məhsul istehsal etmək üçün lazımi tədbirləri vaxtında həyata keçirirlər.
Rayon kənd təsərrüfat idarəsindən AZƏRTAC–a bildiriblər ki, bu il Saatlıda 17 min 150 hektar sahədə pambıq əkilməsi nəzərdə tutulub. Bunun üçün səpin aqreqatları və digər mexanizmlər vaxtında təmir olunub, sahələr şumlanıb, arata qoyulub, səpin üçün hazırlanıb. Səpin kampaniyasına vaxtında və mütəşəkkil başlayan torpaq sahibləri qısa müddətdə 8 min 984 hektar sahədə səpin keçiriblər.
“Saatlı Pambıq” ATC, “Şamo” MMC, “ÇTZ Aqro” MMC, “Saatlı Kənd Təsərrüfatı” MMC ilə bağlanan müqavilələrə əsasən məhsul istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla təmin edilirlər.
Qeyd edək ki, ötən il Saatlıda 8 min 109 hektar pambıq əkilib, 12 min 88 ton məhsul tədarük olunub. Becərilən hər hektarın məhsuldarlığı orta hesabla 15 sentnerə çatıb.