REGİONLAR
Bu il Sabirabadda 16 tondan çox barama istehsalı nəzərdə tutulub
Sabirabad, 12 fevral, Mahir Babayev, AZƏRTAC
Ötən il 14 tondan çox barama istehsal edən sabirabadlı kümçülər cari ildə məhsul istehsalını daha da artırmaq üçün hazırlıq işlərinə başlayıblar.
Rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin aqronomu Bəxtiyar Məmiyev AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, son 3 ildə ayrı-ayrı yaşayış məntəqələrində 81 min ədəd tut tingi əkilib, ipəkqurdu bəslənməsi üçün yeni-yeni tikililər inşa olunub və digər işlər görülür. Həyata keçirilən tədbirlər rayonda barama istehsalının ilbəil artmasına səbəb olur. Ötən il rayonda 168 ailəyə 338 qutu ipəkqurdu toxumu paylanılıb və 14 tondan çox məhsul istehsal edilib. İstehsal olunan baramadan yaxşı qazanc götürən kümçülər cari ildə məhsul istehsalını daha da artırmağı nəzərdə tutublar və hazırda bu istiqamətdə işlər görülür. Bu məqsədlə barama bəsləmək istəyən kümçülərin indidən qeydiyyatı aparılır və onlarla mütəmadi olaraq görüşlər keçirilir, fikir mübadiləsi edilir. Artıq rayonda ipəkqurdu bəsləmək istəyən 200–dən çox ailə qeydə alınıb.
Qeyd edək ki, aprel ayından başlayaraq barama istehsal etmək istəyən ailələrə ipəkqurdu toxumunun paylanmasına başlanılacaq.