REGİONLAR


Bu il Şəki rayonunda 18 subartezian quyusu qazılacaq

Şəki, 5 iyun, Mustafa Dadaşov, AZƏRTAC

Azərbaycan Prezidentinin “Şəki rayonunda əkin sahələrinin və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün subartezian quyularının layihələndirilməsi və qazılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 fevral tarixli Sərəncamının icrası olaraq, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən bu il Şəkidə 18 subartezian quyusunun qazılması nəzərdə tutulur. Bu quyuların istismara verilməsi nəticəsində 116 min nəfərdən çox əhalinin yaşadığı 15 yaşayış məntəqəsində əkin sahələrinin və əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə təminatı yaxşılaşdırılacaq, həmçinin əhalinin içməli suya tələbatı ödəniləcək. Sərəncamın icrası olaraq, artıq rayonun Birinci Biləcik və Baş Göynük kəndlərində yeni subartezian quyularının qazılmasına başlanılıb. Yaxın vaxtlarda digər yaşayış məntəqələrində də yeni quyuların qazıntısı işləri həyata keçiriləcək. Bu quyuların hamısının cari ilin sonunadək istismara verilməsi nəzərdə tutulur.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Subartezian Quyularının İstismarı İdarəsinin rəisi Sabir Əhmədov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, Prezident İlham Əliyevin son illər imzaladığı “Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması və əhalinin içməli suya olan tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamların icrası olaraq, təkcə 2013-2019-cu illər ərzində rayon ərazisində 81 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə verilib. Bu quyuların istismara verilməsi nəticəsində 773 hektar əkin sahəsinin suvarma suyu və 35 min nəfər əhalinin içməli su ilə təminatı yaxşılaşdırılıb. Təkcə 2019-cu ildə rayonda 12 subartezian və 1 artezian quyusu qazılaraq istifadəyə verilib. Bir ildə bu quyulardan 6 milyon 821 min kubmetr su çıxarılıb.

Qeyd edək ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planında torpaqların su təminatının yaxşılaşdırılması üçün meliorasiya-irriqasiya işlərinin həyata keçirilməsinin davam etdirilməsi əsas istiqamətlərdən biri kimi nəzərdə tutulub.

Dördüncü Dövlət Proqramının icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev meliorativ tədbirlərin infrastruktur layihələri arasında önəmli yer tutduğunu vurğulayaraq deyib: “Təqribən 80 min hektar torpağa suyun verilməsi təmin edilib, 300-dən çox subartezian quyusu qazılıb. Bu proses cari ildə də davam etdiriləcək. Belə infrastruktur layihələri dövlət investisiya proqramı hesabına icra edilib. Bu, bir daha onu göstərir ki, ölkəmizin dayanıqlı inkişafı üçün gözəl zəmin yaradılır”.

Dövlətimizin başçısı 2020-ci ildə suvarma üçün 400-dən çox subartezian quyusunun qazılmasının təmin ediləcəyini diqqətə çatdırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.