REGİONLAR
Bu il Şəki teatrında iki yeni tamaşa hazırlanacaq
Şəki, 28 sentyabr, Mustafa Dadaşov, AZƏRTAC
Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarına əsasən, 2021-ci il oktyabrın 1-dən etibarən ümumi tutumunun 50 faizindən çox olmamaq şərtilə mədəniyyət obyektlərinin (konsert zalları daxil olmaqla), eləcə də konfrans zallarının, kinoteatrların, teatrların fəaliyyətinə icazə verilib. Bununla əlaqədar olaraq Şəki Dövlət Dram Teatrında yeni əsərlərin tamaşaya qoyulması ilə bağlı işlər sürətləndirilib. Teatrda ilin sonuna qədər iki əsər - italyan dramaturqu Karlo Qoldoninin “Məzəli hadisə” (rejissoru Orxan Həmidli) və çex yazıçısı Karel Çapekin məşhur “Ana” (rejissoru Mirbala Səlimli) əsərləri tamaşaya qoyulacaq. Müharibə mövzusunda yazılan və dünyanın ən məşhur əsərlərindən olan “Ana” əsəri həm də 44 günlük Vətən müharibəsinə həsr edilib.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə teatrın ədəbi dram hissəsinin rəhbəri Sevda Rəsulqızı məlumat verib.
Teatrın rəsmisinin sözlərinə görə, ən qısa zamanda ərsəyə gətirilməsi planlaşdırılan bu səhnə əsərləri uzun müddət teatrdan uzaq qalan tamaşaçıların da ürəyincə olacaq.
Bildirilib ki, pandemiya dönəmində Şəki Dövlət Dram Teatrında karantin qaydalarına əməl edilməklə çox səmərəli iş aparılıb. Teatrın baş rejissoru, Əməkdar incəsənət xadimi Mirbala Səlimlinin təşəbbüsü ilə yaradılan rejissor laboratoriyası sayəsində müxtəlif əsərlər oxunub, müzakirə edilib və tamaşaya qoyulmasına qərar verilib. Bundan əlavə, teatrın daxili imkanları hesabına fəaliyyət göstərən studiya sayəsində teatr üçün yeni kadrların hazırlanması üçün yaxşı mühit yaradılıb, bu sahəyə maraq göstərən gənclərə teatrdakı mütəxəssislər tərəfindən aktyor sənəti, nitq mədəniyyəti, rəqs, vokal məşğələsi kimi vacib sahələr öyrədilib.
Ötən müddət ərzində teatr kollektivinin 80 faizdən çoxu peyvənd olunaraq COVID-19 pasportu alıb.