REGİONLAR
Bu il Şəkidə 1210 hektarda tütün əkini proqnozlaşdırılır
Şəki, 22 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
2021-ci ildə Şəki rayonunun təsərrüfatlarında 1210 hektar sahədə tütün əkini proqnozlaşdırılır. Əkin sahələrinin 600 hektarına “Virciniya botaniki” növlü, qalanına isə yerli tütün sortları əkiləcək.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Sahib Abdulhəmidov məlumat verib.
Sektor müdirinin sözlərinə görə, tütünçülüyün inkişafına dövlət tərəfindən yüksək diqqətin göstərilməsi, bu sahəyə subsidiyaların ayrılması, güzəştli kreditlərin verilməsi şəkili fermerlərin də tütünçülüyə marağını xeyli artırıb. Keçən il rayonda tütünün əkini, becərilməsi və yığılması işlərinə 2 mindən çox kənd sakini cəlb olunub.
O bildirib ki, hazırda əhaliyə məxsus şəxsi təsərrüfatlarda tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən hazırlıq işləri görülür. Toxum səpiləcək sahələr şumlanır, hamarlanır. Tütün şitillərinin yetişdirilməsi üçün fevralın əvvəlindən başlayaraq təsərrüfatlarda 58 min kvadratmetr sahədə şitilxanaların hazırlanması nəzərdə tutulur.
Xatırladaq ki, ötənilki mövsümdə şəkili fermerlər 1108 hektar sahədən 3835 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 193 ton artıb.