Bu il Şəkidə 1355 hektarda yaşıl yem üçün təkrar qarğıdalı əkilib
AzerTAg.az
Şəki, 28 noyabr, Mustafa Dadaşov, AZƏRTAC
Taxıl biçini başa çatdıqdan sonra bu il Şəki rayonunun təsərrüfatlarında 1355 hektar sahədə yaşıl yem üçün təkrar qarğıdalı əkilib. Təkrar əkinlərin 37 hektarı Şəki Regional Aqrar Elm və İnnovasiya Mərkəzi, 1318 hektarı isə fərdi təsərrüfatçılar tərəfindən aparılıb. Təsərrüfatlarda yaşıl yem üçün əkilmiş qarğıdalının biçini artıq başa çatıb. Torpaq mülkiyyətçiləri təkrar əkin sahələrindən 6945 ton yaşıl kütlə əldə ediblər.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzindən məlumat verilib.
Qeyd edək ki, bu il təkrar qarğıdalı əkininə görə fermerlərə dövlət tərəfindən hər hektara 60 manat birdəfəlik vəsaitin ödənilməsi nəzərdə tutulur. Təkrar əkinlər həm aqroekoloji, həm də iqtisadi baxımdan səmərəlidir. Mütəxəssislər hesab edirlər ki, respublikada mal-qaranın qüvvəli və yaşıl yemə olan tələbatını tam təmin etmək üçün təkrar əkinlərdən istifadə vacib sayılır.

Xəbərin mətnində orfoqrafik səhv var