REGİONLAR
Bu il Xızı rayonunda 7 min 111 hektar suvarılmayan sahə ilk dəfə su ilə təmin olunacaq VİDEO
Xızı, 6 may, Elxan Yusifli, AZƏRTAC
Xızı rayonu ərazisində mövcud suvarılan torpaqların su ilə təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi istiqamətində işlər sürətlə davam etdirilir.
AZƏRTAC xəbər verir ki, “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsi çərçivəsində həyata keçirilən işlər nəticəsində 2015-ci ilin sonuna kimi Xızı rayonunda 7 min 111 hektar suvarılmayan sahə ilk dəfə su ilə təmin olunacaq.
Xızıda suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi istiqamətində işlərə 2014-cü ilin iyulundan başlanılıb və prosesin üç mərhələdə reallaşdırılması nəzərdə tutulub. Artıq layihənin birinci mərhələsində işlər yekunlaşıb. Bununla da rayon ərazisində 504 hektar sahənin suvarma suyu ilə təminatı başa çatdırılıb. Suvarmanı həyata keçirmək üçün ərazidə 54 hidrant və 12 çiləyici qurğu quraşdırılıb.
“Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinin işçi qrupunun baş mütəxəssisi Nağı Əsgərov AZƏRTAC-a bildirib ki, hazırda ikinci mərhələ üzrə işlər görülür. Bu mərhələdə daha 2 min 580 hektar sahə ilk dəfə suvarma suyu ilə təmin ediləcək. Həmin ərazidə qapalı şəkildə 234 hidrant qurğu quraşdırılacaq. Bundan əlavə, yaxın ərazidəki 312 hektar sahənin mövcud suvarma şəbəkəsinin yaxşılaşdırılması da həyata keçiriləcək.
İkinci mərhələdə işlər iyun ayında yekunlaşacaq ki, bununla da, ümumilikdə, Taxtakörpü-Ceyranbatan su kanalından götürülən su ilə 3 min 396 hektar ərazinin suvarılması mümkün olacaq.
Xızı rayonunda mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi işlərinin üçüncü mərhələsi Samur-Abşeron su kanalından götürülən suyun hesabına reallaşacaq. Bu mərhələdə isə əlavə 3 min 715 hektar sahənin ilk dəfə suvarma suyu ilə təmin olunması nəzərdə tutulub. Bunun üçün lazım olan açıq beton su kanallarının bir hissəsi artıq çəkilib. Plana əsasən, 2015-ci ilin sonuna kimi işlər tam başa çatdırılacaq və suvarılan ərazilər kənd təsərrüfatı ilə məşğul olan fermerlərin istifadəsinə veriləcək.
Xızı Suvarma Sistemləri İdarəsinin rəisi Fərrux Haqverdiyevin sözlərinə görə, bu vaxta kimi rayonda cəmi 2 min 970 hektar torpaq suvarılırdısa, yeni suvarılan torpaqların istifadəyə verilməsi istiqamətində görülən işlər nəticəsində bu rəqəm dörd dəfədən çox artaraq 13 min hektara çatacaq.
Mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi Xızı rayonunda kənd təsərrüfatının daha da inkişafında mühüm rol oynayacaq. Rayon icra hakimiyyətinin aqrar məsələlər şöbəsinin məsləhətçisi Hacıbaba Nəcəfquliyev bildirib ki, suvarılan torpaqların sahəsinin çoxalması Xızıda taxılçılığın inkişafı üçün əlverişli zəmin yaradır. Bundan başqa, rayon ərazisində keyfiyyətli tərəvəz və bostan məhsullarını da rahat yetişdirmək mümkündür. Onun sözlərinə görə, rayonda heyvandarlıq sahəsi də inkişaf etdiyindən yeni suvarılan sahələrdə yem mənşəli bitkilərin əkilməsi də məqsədəuyğun sayılır.
Xızı rayonu ərazisində mövcud suvarılan torpaqların su təminatının yaxşılaşdırılması və yeni suvarılan torpaqların istifadəyə verilməsi, eləcə də, Samur-Abşeron kanalı sisteminə birləşdirici kanalın tikintisi “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı” ASC-nin sifarişi əsasında “Evrascon” ASC tərəfindən həyata keçirilir.