İQTİSADİYYAT


“Azərsu” ASC 12-ci elektron xidmətini təqdim edib YENİLƏNİB

Bakı, 22 may, Elvin Camalov, AZƏRTAC

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti istehlakçılara göstərilən müştəri xidmətlərinin asanlaşdırılması, bu sahədə şəffaflığın və operativliyin təmin edilməsi məqsədilə müasir informasiya texnologiyalarının tətbiqini davam etdirir. “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin Fərmanına uyğun olaraq “Azərsu” ASC tərəfindən sayca 12-ci – “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab-fakturanın formalaşdırılması” adlı elektron xidmət istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, yeni xidmətin təqdimatına həsr olunmuş mətbuat konfransında “Azərsu” ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı son illər elektron xidmətlərin tətbiqi dairəsinin genişlənməsi və bu xidmətlərdən istifadənin əhəmiyyətindən danışıb. Bildirib ki, “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanından, həmçinin “Elektron hökumət” portalına qoşulmalı olan informasiya sistemlərinin və ehtiyatlarının Siyahısı”nın və “İnformasiya sistemlərinin və ehtiyatlarının, elektron xidmətlərin “Elektron hökumət” portalına qoşulması üçün Texniki Tələblər”in təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 1 may tarixli 118 nömrəli Qərarından irəli gələn məsələlərin həlli məqsədilə “Azərsu” ASC tərəfindən zəruri işlər aparılaraq indiyədək 11 növdə elektron xidmət istifadəyə verilib. Sayca 12-ci olan “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab-fakturanın formalaşdırılması” adlı xidmət mexaniki sayğacları olan əhali qrupu abonentləri üçün nəzərdə tutulub.

Onun sözlərinə görə, mövcud qaydalara görə mexaniki sayğaclar üzrə fakturaların (borc bildirişlərinin) verilməsi üçün sayğac göstəriciləri nəzarətçilər tərəfindən oxunmalıdır. Bunun üçün mənzillərə daxil olmaq və sayğaclara baxış keçirmək zərurəti yaranır. Bəzi hallarda abonentlər mənzildə olmadıqda və ya nəzarətçinin mənzilə daxil olmasına şərait yaradılmadıqda sayğac göstəricilərinin oxunması mümkün olmur və ya qeyri-dəqiq məlumatlar verilir. Bu da sonradan bir sıra anlaşılmazlıqlara səbəb olur. Yeni xidmətin tətbiqindən sonra abonentlər sayğac göstəricilərinin fərdi şəkildə, elektron qaydada təqdim edə biləcəklər.

“Azərsu” ASC-nin İnformasiya və Kommunikasiya Texnologiyaları Departamentinin rəisi Emil Əhmədov “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab-fakturanın formalaşdırılması” adlı elektron xidmətin təqdimatını edib. Bildirib ki, bu xidmətdən www.e-gov.az  portalında qeydiyyatdan keçmiş şəxslər istifadə edə bilərlər. Bunun üçün portalın xidmətlər bölməsində “Azərsu” ASC, daha sonra “Əhali qrupu üzrə istehlakçıların sayğac göstəricilərini təqdim etməsi və hesab fakturanın formalaşdırılması” elektron xidməti seçilməlidir.

Müraciətin qeydiyyata alınması üçün vətəndaşlar abonent kodunu, sayğacın zavod və plomb nömrələrini, sayğacın son göstəricisi və oxunma tarixi barədə məlumatları təqdim etməli, sayğacın həmin dövrə olan şəklini fayl formasında (pdf, jpg, jpeg, png formatında) qoşmaya əlavə etməlidir. Eyni zamanda müraciət edən şəxs əks əlaqə üçün işlək telefon nömrəsi və ya elektron poçt ünvanını göstərməlidir. Əgər bir ünvanda bir neçə sayğac olarsa, onda hər bir sayğacın məlumatı və şəkli ayrılıqda daxil edilməlidir.

Daxil edilən məlumatlar düzgün olduğu halda “Müraciət et” düyməsi seçilir və “Müraciətiniz qeydiyyata alındı. Xidmətimizdən istifadə etdiyiniz üçün sizə təşəkkür edirik” bildirişi ekranda əks olunur. Bundan sonra müraciət cavablandırılması üçün müvafiq struktur bölməsinə yönləndirilir. Elektron müraciət qeydiyyata alındığı gündən ən geci 5 iş günü müddətində cavablandırılır. Daha sonra isə təqdim olunmuş bildiriş əsasında abonent ödəniş apara bilər. Əgər abonent təqdim etdiyi hər hansı məlumatda yanlışlıq və ya anlaşılmazlıq aşkar edilərsə, bu barədə onun elektron poçt ünvanına məlumat ötürülür və məlumatın dəqiqləşdirilməsi tələb olunur.

Müraciətin nəticəsi olaraq formalaşan fakturanı abonent www.e-gov.az  portalından əldə edə bilər. Xidmətdən istifadə etmək üçün sistemə doğru məlumatlar daxil edilməlidir, əks halda müraciət etibarsız sayılır və sorğu icra edilmir. Müraciət formasındakı uyğunsuzluqlar və yanlışlıqlar aradan qaldırılanadək müraciətin qəbulundan imtina edilir.

Qeyd edək ki, “Elektron hökumət” portalının operatoru Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin 2017-ci il üzrə açıqladığı statistikaya əsasən, “Azərsu” ASC elektron xidmətlərdən istifadə sayına görə 5-ci yeri tutub. Ötən il “Azərsu” ASC-nin təklif etdiyi 11 elektron xidmətlə əlaqədar 347 min müraciət, bu ilin 4 ayında isə 156 min müraciət qeydə alınıb. Bu göstəriciyə əsasən, “Azərsu” ASC səhmdar cəmiyyətlər arasında ilk yeri tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.