REGİONLAR
Bu il astaralı məzunlardan 258 nəfər tələbə adını qazanıb
Astara, 15 avqust, Bağır Əliyev, AZƏRTAC
2018/2019-cu tədris ilində Astara rayonunun ümumtəhsil məktəblərində IX siniflər üzrə imtahanlara buraxılan 1202 şagirddən 1195 nəfəri, XI siniflər üzrə imtahanlara buraxılan 717 şagirdin hamısı imtahanlarda iştirak edərək, təhsil haqqında attestat alıb.
Rayon üzrə ümumi orta təhsil səviyyəsi üzrə attestat alan şagirdlərdən 6, tam orta təhsil səviyyəsi üzrə isə attestat alan məzunlardan 1 nəfərinə fərqlənmə attestatı verilib.
Astara Rayon Təhsil Şöbəsindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, tam orta təhsil səviyyəsi üzrə attestat alan məzunlardan 536 nəfəri ali məktəblərə daxil olmaq üçün Dövlət İmtahan Mərkəzinə sənəd verib.
İxtisas seçiminin birinci mərhələsinin nəticələrinə əsasən məzunlardan 258 nəfəri ali məktəblərə qəbul olunaraq tələbə adını qazanıb. Onlardan 16 nəfəri əvvəlki ilin məzunlarıdır.
Ali məktəblərə qəbul imtahanları zamanı məzunlardan 6 nəfəri 600-dən, 24 nəfəri isə 500-dən yuxarı bal toplayıb.
Məzunlar arasında ən yüksək nəticəni Təngərüg kənd tam orta məktəbin məzunu İbrahim Əsgərov göstərib. O, qəbul imtahanı zamanı 646 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinə daxil olub.
Tam orta təhsil səviyyəsi üzrə fərqlənmə attestatı almış Astara şəhər 2 nömrəli tam orta məktəbin məzunu Nərmin Əliyeva isə qəbul imtahanlarında 644 bal toplayaraq Azərbaycan Dövlət İqtisad Universitetinin maliyyə fakültəsinə daxil olub.
Fərəhləndirici haldır ki, məzunlar arasında 3 nəfəri ali hərbi ixtisaslara üstünlük verib.
Bu il ali məktəblərə daxil olan məzunların sayına görə rayonun ümumtəhsil məktəbləri arasında Astara şəhər 2 və 5 nömrəli, Kijabə qəsəbə, Ərçivan qəsəbə 3 nömrəli, Pensər kənd 2 nömrəli, Siyəkü, Maşxan və Təngərüd kənd tam orta məktəbləri yüksək nəticələr qazanıblar.