REGİONLAR
Bu il cəlilabadlı məzunlardan 517 nəfəri tələbə adını qazanıb
Cəlilabad, 5 sentyabr, Bağır Əliyev, AZƏRTAC
Bu il Cəlilabad rayonunun ümumtəhsil məktəblərini bitirən və ali məktəblərə sənəd verən 1026 məzunun 517-si tələbə adını qazanıb. Onlardan 12 nəfəri 600-dən, 50 nəfəri isə 500-dən çox bal toplayıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu barədə Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində bu il ali məktəblərə qəbul olunmuş tələbələrlə görüşdə məlumat verilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər.
Görüşdə çıxış edən Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Namik Zeynalov tələbə adını qazanmış məzunları, onların müəllimlərini və valideynlərini təbrik edərək ölkəmizdə təhsilə, elmin inkişafına göstərilən dövlət qayğısından, bu sahədə aparılan islahatlardan danışıb.
Tədbirdə çıxış edənlər tələbə adını qazanmış gənclərə tövsiyələrini çatdırıblar.
Sonda ali məktəblərə qəbul imtahanları zamanı yüksək bal toplamış məzunlara Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən mobil telefonlar hədiyyə edilib.