İQTİSADİYYAT


Bu il dövlət vəsaiti hesabına ipoteka kreditləşməsi 44 faiz artıb

Bakı, 6 dekabr, AZƏRTAC

İpoteka və Kredit Zəmanət Fondu (İKZF) 2021-ci ildə də qarşısına qoyulmuş məqsədlərə müvafiq olaraq əhalinin mənzil təminatı sahəsində dövlətin həyata keçirdiyi sosial siyasət çərçivəsində ipoteka kreditlərinin maliyyələşdirilməsini davam etdirib.

Fonddan AZƏRTAC-a bildirilib ki, cari ilin 11 ayında İKZF-nin vəsaiti hesabına 325 milyon manat məbləğində 4880-dən çox Azərbaycan vətəndaşına ipoteka, o cümlədən güzəştli ipoteka krediti verilib. Bu, Fondun fəaliyyətə başladığı 2006-cı ildən etibarən ən yüksək göstəricidir. 2020-ci ilin analoji dövrü ilə müqayisədə verilmiş kreditlərin sayında 44 faiz artım müşahidə olunub. İlin sonunadək qeyd olunan göstəricinin bir qədər də artması gözlənilir. Ümumilikdə, bu günədək Fondun vəsaiti hesabına verilmiş ipoteka kreditlərinin ümumi məbləği 1 milyard 969 milyon manatı, bu kreditlər hesabına öz yaşayış şəraitini yaxşılaşdırmış ailələrin sayı isə 36 mini ötüb.

Verilmiş kreditlərin təxminən 34 faizi (642 milyon manat) güzəştli kateqoriyalara aid şəxslərə, 69 faizi isə gənclərə və gənc ailələrə verilib. Regionda verilən kreditlərin payı 22 faiz təşkil edib.

Cari ildə güzəştli ipoteka kreditləri vasitəsilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzillərin satışının dəstəklənməsi də davam etdirilib və 2021-ci ildə 1063 güzəştli mənzilin alınması üçün 44,6 milyon manat məbləğində güzəştli ipoteka krediti verilib. Ümumilikdə 2018-ci ildən etibarən güzəştli mənzillərin maliyyələşdirilməsi üçün 2725 şəxsə 118,1 milyon manat həcmində güzəştli ipoteka krediti, 38 şəxsə isə 1,3 milyon manat məbləğində adi ipoteka krediti verilib.

Xüsusilə qeyd etmək lazımdır ki, dövlət dəstəyi hesabına ipoteka kreditlərinin, eləcə də güzəştli ipoteka kreditlərinin əlverişli şərtlərlə verilməsi bu kreditlərə yüksək tələbin formalaşmasına gətirib çıxarıb. Belə ki, təkcə 2021-ci ilin 11 ayı ərzində ipoteka kreditləri üzrə ödəniş qabiliyyətli tələb 1,1 milyard manatdan çox olub. İpoteka kreditlərinə formalaşmış tələbin qarşılanması məqsədilə Fond tərəfindən müvafiq resurslar çərçivəsində mümkün tədbirlər həyata keçirilir.

İpoteka kreditlərinin həcmində müşahidə olunan əhəmiyyətli artım Fondun mövcud kredit portfelinin keyfiyyətinə təsir göstərməyib. Tətbiq olunan ciddi standartlar və adekvat qiymətləndirmə əsasında Fondun kifayət qədər sağlam kredit portfeli formalaşıb. Hazırda kredit portfelində problemli kreditlər yoxdur, bu da həm ölkənin maliyyə-bank sistemində, eləcə də beynəlxalq təcrübədə ən yaxşı göstərici hesab olunur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.