ELM VƏ TƏHSİL
Bu il ədəbiyyatşünas alimlərin elmi jurnallarda və mətbuatda 1342 məqalə və tezisi dərc olunub
Bakı, 8 noyabr, AZƏRTAC
Bu ilin altı ayı ərzində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun “Azərbaycan ədəbiyyatşünaslığı”, “Poetika.izm” və “Müqayisəli ədəbiyyatşünaslıq” jurnallarının yeni tələblərə uyğun şəkildə birinci nömrələri nəşr olunub. Hər üç jurnalın ikinci nömrələri çapa hazırlanıb və ilin sonuna qədər nəşri nəzərdə tutulur. Türkiyədə nəşr olunan “Türk ədəbiyyatı” jurnalının oktyabr buraxılışı AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyliyə həsr edilib.
AZƏRTAC xəbər verir ki, bu, institutun 2019-cu il üzrə illik elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabatında yer alıb.
Hesabatda bildirilir ki, akademik İsa Həbibbəylinin 2019-cu ildə üç kitabı, 25 elmi məqaləsi ölkədə, 12-si xaricdə, mətbuatda isə 34 məqaləsi, elmi redaktorluğu və müqəddiməsi ilə 16 kitabı çap edilib. Alimin özü haqqında bir kitab, bir jurnal, çoxlu sayda məqalə işıq üzü görüb.
İl ərzində institut əməkdaşlarının müxtəlif elmi jurnal və məcmuələrdə, eləcə də dövri mətbuatda 1342 məqalə və tezisi (12-si impakt faktorlu olmaqla 164 məqalə xarici ölkələrdə) dərc olunub. Əməkdaşların nəşr edilmiş kitab və məqalələri mütəmadi olaraq institutun saytında yerləşdirilib.